"Belarusla oyunda heyətdə dəyişikliklər olacaq. Düşərgəmizi tərk edən Elvin Cəfərquliyevdən başqa qalan futbolçuların hamısını sabahkı matçda forma geyinə bilərlər". 

Offsideplus.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş sabah Belarusa qarşı keçiriləcək yoldaşlıq görüşünə həsr olunmuş mətbuat konfrasında deyib.

Portuqaliyalı çalışdırıcı bildirib ki, dəyişikliklər həm də Ramazan ayına görə həyata keçiriləcək: "Bəzi oyunçular dincələcəklər, digərləri meydançaya çıxacaqlar. Ardıcıl 2 matçda çıxış etmək asan deyil. Ramazan ayıdır, futbolçuların çoxu oruc turur. Əlbəttə, buna hömətlə yanaşırıq. Dəyişikliklər zamanı buna da diqqət yetirəcəyik".

F.Santuş Belarusla qarşılaşmada topa nəzarət etmək istədiklərini vurğulayıb: "Biz daha aqressiv, daha istəkli olmalıyıq. Futbol kollektiv idman növüdür, burada komanda ilə birgə müdafiə olunmalı, komanda şəklində hücuma atılmaq lazımdır. Buraxdığımız qolların çoxu bəsitdir. Belə davam etməklə yüksək səviyyəyə qalxa bilmərik. Sabahkı görüşdə topa nəzarət etməyə çalışacağıq. Bu zaman bizə rahat olacaq. Belarusun qapısına qol vurmağımız çox vacibdir".

Baş məşqçi 2 ən böyük problemdən söz açıb: "Azərbaycan milli komandası kollektiv şəklində yaxşı deyil. Müdafiədə çox zəif oynayırlar. Müdafiə deyəndə, təkcə arxa xətt oyunçularını və ya qapıçını nəzərdə tutmuram. Ən böyük problemimiz odur ki, kollektiv şəklində müdafiə oluna bilmirik. Aqressivlik çatışmır. Bura gəldiyim gündən eyni sözləri təkrarlayıram. Bunu görmək asandır. Dünyanın ən güclü komandası belə, müdafiədə yaxşı çıxış etməyəndə, uğursuzluq yaşayır. Bəziəri elə düşünürlər ki, hamılıqla müdafiədə oturmalıyıq. Elə oyunlar olub ki, komanda şəklində müdafiəyə çəkilmişik, ancaq rəqib təhlükəli epizodlar yaradıb, qalib gəlib. Hücumda bəzi epizodları yaxşı yaradırıq. İnanın ki, yaratdığımız epizodları qola çevirsəydik, daha yaxşı urumda olardıq. Haiti ilə görüşdə 6-7 qol imkanımız var idi. Amma sonluq çatmadı. Problemlərimizdən bir odur ki, hücumları məntiqi sonluğa çatdıra bilmirik. Halbuki oyundan qabaq sırf 1 məşq hücumların tamamlanmasına həsr olunmuşdu. Bundan öncəki gün bir məşq müdafiədən çıxış üzərində qurulmuşdu. İki problemimiz var: müdafiədə inamlı oynamaq və yaratdığımız epizodları qola çevirmək. Qapısından çox qol buraxan komanda az hallarda qələbə qazanır".

Qeyd edək ki, oyun sabah Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da saat 21:45-də start götürəcək.