Bu il noyabrın 16-da futbol üzrə Azərbaycan və Fransa yığmaları arasında dünya çempionatının seçmə mərhələsində keçirləcək oyun tarixə düşəcək.
Offsideplus.az xəbər verir ki, bu, Fransanın əsas milli komandasının ölkəmizə ilk səfəri olacaq.
Yığmamız fransızlarla artıq 2 dəfə üz-üzə gəlib. Söhbət Avropa çemponatı-1996-nın təsnifat oyunlarından gedir. Ancaq həmin vaxt Azərbaycan müharibə şəraitində olduğuna görə FIFA matçın ölkəmizdə təşkil edilməsinə icazə verməyib.
Belə olan halda milli komandamız ev qarşılaşmasını Türkiyənin Trabzon şəhərində keçirib. 13 dekabr 1994-cü ildə gerçəkləşən oyun rəqibin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Cavab görüşü isə futbol tariximizdə ən böyükhesablı məğlubiyyətlə yadda qalıb. "Oser faciəsi" adlanan matçda (6 sentyabr 1995-cı il) qapımızdan 10 cavabsız top buraxmışıq.
Fransa futbolu yığma səviyyəsində cəmi 1 dəfə Bakıya səfərə gəlib. Bu hadisə 2020-ci il sentyabrın 7-də U-21-lərin Avropa çempionatının seçmə oyununa təsadüf edib. Həmin görüşdə futbolçularımız 1:2 hesabı ilə uduzublar.
Qeyd edək ki, DÇ-2026-nin seçmə mərhələsinndə əsas milli komandamız Fransadakı oyuna bu il oktyabrın 10-da çıxacaq. Çox maraqlıdır ki, oktyabrda eyni vaxtda Azərbaycanın 2 yığması Fransaya səfərə yollanacaq. Əsas milli komandamızla yanaşı, U-17 də bu ölkəyə gedəcək. Özü də hər iki yığmamız demək olar, eyni gündə Fransa ilə qarşılaşacaq. Avropa çempionatının seçmə mərhələsində yarışacaq U-17-nin Fransa, Rumıniya və İsraillə görüşləri 8-14 oktyabra təyin edilib.