Bu gün CBC Sport telekanalının 4 yaşı tamam olur.

Offsideplus.az-ın məlumatına görə, əlamətdar gün münasibətilə telekanal musiqili layihəsini təqdim edib. Layihənin rəhbəri Volkan Üst, ideya müəllifi Şəmsəddin Abbasovdur. Tanınmış sənətçi Murad Arifin Bakı Olimpiya Stadionunda ifa etdiyi "We didnt start the fire" mahnısının çəkilişlərinə olimpiya və paralimpiya çempionları, digər tanınmış idmançılar qatılıblar.

Qeyd edək ki, 2015-ci ilin bu günündə ölkədə ilk dəfə HD təsvir formatında rəsmən yayıma başlayan CBC Sport qısa müddətdə bir sıra nailiyyətlərə imza atıb.

Telekanal Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümündən eksküliziv yayım hüququna malikdir. Həmçinin kanal tamaşaçılarına UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Millətlər Liqası, CONMEBOL Cənubi Amerika çempionatı, İtaliya, İspaniya, Hollandiya, Rusiya çempionatları, Türkiyə Kuboku, Amerika Milli Basketbol Liqasını NBA, Cüdo üzrə Dünya çempionatı və Qran-pri yarışları, UFC, Polo, atletika üzrə “Diamond League” və ən nüfuzlu beynəlxalq tennis turnirlərinin oyunlarını və görüşlərini canlı təqdim edir.

Azərbaycanda futbolun təbliğinə və inkişafına yönələn, AFFA tərəfindən reallaşan bir çox layihələrə CBC Sport dəstək verir. Müxtəlif yaşlar üzrə Azərbaycan Milli komandasının bir çox oyunlarının ölkədə rəsmi yayımçısı məhz bu telekanaldır.

CBC Sport həftə içi 7 gün, 24 saat efirdədir.