Offside Sport Media yeni layihəyə start verir.
"Qadın futbolçular" adlı rubrikamızın ilk qonağı qadınlardan ibarət Azərbaycan millisinin və Türkiyənin "Çaykur Rizəspor" klubunun futbolçusu Aysun Seydiyevadır.
- Necəsiz? Türkiyədəki işləriniz necə gedir?
- Şükürlər olsun, hər şey yaxşıdır.
- Yəqin ki, komandanızın hazırkı durumu sizi razı salmaz?
- Hələ ki, komandamız Super Liqada yenidir. Həmçinin, çempionatda təcrübəli komandalar var. Onlara qarşı oynamaq asan deyil.
- Türkiyə və Azərbaycandakı qadın futbolu arasında nə kimi fərqlər var?
- Artıq Türkiyədə hər böyük klubun qadın komandası var. Buna görə də maraq böyükdür. Həm azarkeş, həm də maddi baxımdan çox fərq var.
- Vüsalə Seyfəddinovanın transferindən sonra Ayşənlə birlikdə "Çaykur Rizəspor"da millimizin üzvlərin sayı 3-ə yüksəldi. Bu keçidlərdə sizin rolunuz olur?
- Ayşən və məni klub görüb və bəyənib. Vüsalə haqda isə rəhbərlik bizdən maraqlandı. Yəni bu məsələdə böyük rolum yoxdur. ( gülür )
- Aysun xanım, biraz da millidən danışaq. Yığma komanda seçmə mərhələdə də ürəkaçan nəticələr göstərmədi. Sizcə, problem nədir?
- Problem praktikanın olmamasıdır.Amma indi hər birimizi müxtəlif klublarda çıxış edirik və bu il inanıram ki, bizim üçün yaxşı olacaq.
- Ümumiyyətlə, Azərbaycanda qadın futbolunu inkişaf etdirmək üçün nə kimi addımlar atılmalıdır?
- Həm qadın, həm də oğlanlar üçün uşaq futbol məktəbləri olmalıdır.
- Sizcə, milli mentalitetimiz də ölkəmizdə qadın futbolunun zəif inkişaf etməsinə təsir göstərir?
- Bəlkə də təsir edir. Amma indi evli bir insan olaraq futbola davam etməyim bəzi insanların fikrini dəyişib
- Biraz da həyatınız haqda danışaq. Futbolla neçə yaşınızdan məşğul olmağa başlamısız?
- 7 yaşımdan futbolla məşğul olmağa başlamışam. "Neftçi"nin heyətində U-13 oğlanlar liqasında oynamışam.
- Ailəniz futbolçu olmağınıza necə baxdı?
- İlk günlərdə yaxşı baxılmırdı. Amma milli komandada oyanamağa başladığım gündən bəri, həmişə mənə dəstək olublar.
- İlk olaraq hansı komandada çıxış etmisiz?
- İlk komandam "Səbail" olub. Türkiyədə isə "Antalyaspor".
- Futboldan başqa hansı idman növü ilə məşğul olmusuz?
- Atletika və basketbolla məşğul olmuşam.
- Karyeranızda ən çox sevindiyiniz oyun hansıdır?
- Bakıda Moldova millisi ilə qarşılaşmadakı qələbə qolu və U-19-da çıxış etdiyim zaman Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçikaya vurduğum qələbə qolu.
- Məyus olduğunuz oyun?
- Belə oyunlar çoxdur. Amma bu yaxınlarda ən məyus olduğum matç dünən "Qalatasaray"la qarşılaşma idi.
- Kumiriniz olan oyunçu var?
- Amin Seydiyev. ( gülür )
- Hamı bilir ki, siz millimizin üzvü Amin Seydiyevlə evlisiz. Ailə həyatı qurduqdan sonra Amin tərəfindən hər hansı bir qadağalar olub?
- Amin kimi bir insanla evləndiyimə görə xoşbəxtəm. Mənə heç bir qadağa qoymur. Həmişə məni dəstəkləyir. Bu da mənə çox güc verir.
- Amin Bakıda, siz Rizədə. Uzaq məsafə sizin üçün problemi olmur ki?
- Əlbəttə, bir-birimizdən ötrü çox darıxırıq. Amma Aminlə gələcəkdə uşaqlarımıza danışılacaq şirin və gözəl xatirələrimiz var.
- Gələcək karyeranız barədə nə deyə bilərsiz?
- Gələcək haqda dəqiq bir şey deyə bilmərəm. Çünki bundan sonra həyatımda nələrin baş verəcəyini bilmirəm. Amma futbolçu karyerama davam etsəm, "Çaykur Rizəspor"da oynayacam.
Cavid Əliyev