La Liqanın 37-ci turunda "Selta" (Viqo) səfərdə "Kadis"ə məğlub olub (0:1).

 Offsideplus.az xəbər verir ki, oyundan sonra Viqo təmsilçisinin hücumçusu Yaqo Aspas  fikirlərini bildirib. "Fichajes" nəşrinin yaydığı məlumata görə, o klubun direktorlar şürasını tənqid edib:

"Bizim heyətimiz güclü deyil. Bunu yay və qış "transfer pəncərəsində" idarə heyətinə dedim. Amma buna baxmayaraq, heç bir problem düzəlmədi". 

O, sonuncu turda öz meydanlarında qarşılaşacaqları "Barselona" ilə oyun barəsində də danışıb: "Formamdan uzaq olsam da, həmin matçda ən yaxşı oyunumu göstərməyə və komandama xeyir verməyə çalışacam" - deyə, təcrübəli forvard qeyd edib.

Xatırladaq ki, "Selta" (Viqo") La Liqanın sonuncu - 38-ci turu çərçivəsində Kataloniya klubu ( 4 iyun, Bakı vaxtı ilə saat 23:00) ilə çox vacib matça çıxacaq. Belə ki, Viqo təmsilçisi 40 xalla turnir cədvəlinin 17-ci pilləsində yer alıb. Komandanı təhlükəli zonada yerləşən "Valyadolid"dən (18-ci sıra) bir xal öndədir. Onu da bildirək ki, sözügedən kollektiv isə sonuncu tur - öz meydanında "Xetafe"ni qəbul edəcək.

Fəqan İbrahimli