"Rayo Valyekano"nun İspaniya çempionatına yüksəlməsinin ardından 2021/22 mövsümündə iştirak edəcək 20 komanda və 20 baş məşqçinin adına aydınlıq gəlib.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqaya istinadən yeni mövsüm ispan klublarının sükanı arxasında olacaq mütəxəssisləri təqdim edir.
Ən uzun baş məşqçilik müddəti Dieqo Simeonedədir.
İspaniyanın TOP liqasında bütün çalışdırıcılardan ən uzun müddət komandaya rəhbərlik edən Dieqo Simeonedir. 2011-ci ilin dekabrından "Atletiko"ya baş məşqçilik edən 51 yaşlı argentinalı mütəxəssis bu ilin dekabrında 10 illik yubileyini qeyd edəcək. Ötən mövsüm "matrasçılar"la çempionluğun dadını alan Simeone, bu mövsüm də eyni əzmlə mübarizə aparacaq.
Dieqo Simeonedən sonra "Kadiz"in çalışdırıcısı Alvaro Servera yeganə şəxsdir ki, 5 ildən çoxdur baş məşqçilik edir. Servera 2016-cı ilin aprelində "quldurlar"a qoşularkən kollektiv 3-cü liqada idi. Ötən mövsüm La Liqaya vəsiqə qazanan "Kadiz" turnir cədvəlini 12-ci yerdə başa vurdu. Bundan əlavə, 2021/22 sezonu "Levante"dən Pako Lopes və "Osasuna"dan Yaqoba Arrasate üçün baş məşqçiliklərinin 4-cü mövsümü olacaq.
4 baş məşqçi dəyişikliyi.
Bu yay baş məşqçisini dəyişən 4 klub var. Yeni mütəxəssis gətirməyin vacibliyini başa düşən "Valensiya" "Xetafe"dəki uğurlarının ardından Xose Bordalasla anlaşdı. "Xetafe" isə əvəzində 2009-11-ci illərdə komandanı çalışdırmış Miçeli baş məşqçi vəzifəsinə təyin etdi.
Yeni baş məşqçi gətirən digər klub isə "Real"dır. "Kral klubu" gələn mövsüm üçün komandanı sabiq çalışdırıcısı Karlo Ançelottiyə etibar etdi. 2013-2015-ci illərdə "Santyaqo Bernabeu"da işləyən italiyalı mütəxəssis bu vəzifədə Zinədin Zidanı əvəzlədi.
Dieoqo Martinesin "Qranada" ilə yollarını ayırmasının ardından, klub yeni baş məşqçi olaraq Robert Morenonu komandanın sükanı arxasına gətirdi.
La Liqaya vəsiqə qazandıqları üçün vəzifəsində qalanlar.
Qeyd etdiyimiz 4 yeni baş məşqçidən əlavə, La Liqa, həmçinin Visente Moreno, Luis Qarsiya Plaza və Andoni İraolanı bu mövsüm qəbul edəcək. Bu mütəxəssislər, "Espanyol", "Malyorka" və "Rayo Valyekano"nun İspaniya çempionatına yüksəlməsinin ardından vəzifələrini qoruyub saxlayıblar.
Komandada qalan xilaskarlar!
Mövsümün ortasında məşqçi dəyişiklikləri hər zaman baş verir və ötən mövsüm La Liqada 7 belə dəyişiklik olub. Mövsümün ortasında gələn bu mütəxəssislərdən bəziləri ortaya yaxşı iş qoyaraq komandada qalmaq şansı əldə ediblər. "Atletik"ə İspaniya Super Kubokunu qazandıran Marselino bu çalışdırıcılardan biridir. Bundan əlavə, Eduardo Koudet ("Selta"), Xavier Kalyeva ("Alaves") və Fransisko Eskriba ("Elçe") da La Liqa klublarının xilaskarları sırasına aiddir.
5 xarici, 15 yerli mütəxəssis.
La Liqa klublarının 1/4-i komandanın sükanı arxasında xarici baş məşqçiyə ehtiyac duyur. "Real Betis"lə ikinci sezonunu keçirən Manuel Pelleqrini, "Atletiko"dan Diqeo Simeone, "Selta"dan Eduardo Koudet, "Barselona"dan Ronald Kuman və "Real"dan Karlo Ançelotti 5 xarici mütəxəssis arasındadır. Maraqlısı, 18 baş məşqçinin doğma dili ispan dilidir. Ançelotti və Kumanın ana dili ispan olmasa da, hər iki çalışdırıcı müxtəlif dillərdə və ispan dilində danışmağı yaxşı bacarırlar.
La Liqada 2021/22 mövsümü üzrə 20 baş məşqçi:
"Alaves" - Xavier Kalyeva
"Atletik" - Marselino
"Atletiko Madrid" - Dieqo Simeone
"Barselona" - Ronald Kuman
"Kadiz" - Alvaro Servera
"Selta" - Eduardo Koudet
"Elçe" - Fransisko Eskriba
"Espanyol" - Visente Moreno
"Xetafe" - Miçel
"Qranada" - Robert Moreno
"Levante" - Pako Lopes
"Osasuna" - Yaqoba Arrasate
"Rayo Valyekano" - Andoni İraola
"Malyorka" - Luis Qarsiya Plaza
"Real Betis" - Manuel Pelleqrini
"Real Madrid" - Karlo Ançelotti
"Real Sosyedad" - İmanol Alquasil
"Sevilya" - Julyen Lopeteqi
"Valensiya" - Xose Bordalas
"Vilyarreal" - Unay Emeri