"Real Madrid" "Bavariya"nın futbolçusu David Alabanı azad agent olaraq heyətinə qatıb.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən "Real"ın avstriyalı ulduzu barədə bilmədiyiniz 5 maraqlı faktı təqdim edir:
Milli debütünü peşəkar klub debütündən öncə edib.
David Alabanın Avstriya milli komandasındakı debütü peşəkar karyerasından öncə reallaşıb. Belə ki, millidə 79 oyun keçirən Alaba, debütünü 2009-cu ildə 17 yaş 3 ay və 20 günlük olarkən gerçəkləşdirib. Həmin dönəmdə "Bavariya"nın B komandasında forma geyinən David, baş məşqçi Ditmar Konstantininin diqqətini çəkib və milliyə cəlb olunub. "Real"ın ulduzu Avstriya milisində debüt edən ən gənc oyunçu rekordunu əlində saxlayır.
"Bavariya"dakı ilk oyununda rekord qırdı.
Avstriyalı müdafiəçi millidəki ilk çıxışından sonra əsas komandaya çağırılmaq üçün 4 ay gözləməli olub. "Qroyter"ə qarşı baş tutan Almaniya kuboku matçının 59-cu dəqiqəsində Alaba "Bavariya" ilə ilk oyununa çıxıb. Meydana girəndən bir dəqiqə sonra Frank Riberiyə məhsuldar ötürmə verən David, həmin oyunda klubun ən gənc oyunçusu rekordunu da qırıb ( 17 yaş, 7 ay və 17 gün).
Qlobal ailədən gəlir.
Davidin atası Corc Alabanın heyrətamiz hekayəsi var. Nigeriyanın Oqun əyalətindən bir şahzadə olan Corc, iqtisadiyyat oxumaq üçün Vyanaya köçüb. Musiqi karyerasına start verməzdən öncə, Corc Avstriya ordusunda ilk qaradərili qvardiya əsgəri olub. Davidin anası Cina isə Filippin adalarındandır. Alaba valideynlərinin milliyyətinə hörmət əlaməti olaraq butslarına bu ölkələrin bayraqlarını həkk edib. Bundan başqa, məşhur futbolçunun bacısı Roz Mey Alaba Avstriyada ən çox dinlənilən müğənnilərdən biridir.
"Bavariya"dan əlavə, "Hoffenhaym"da da oynayıb.
Son 10 ildə "Bavariya"nın şərəfini qoruyan avstriyalı futbolçunun "Hoffenhaym"da icarə əsasında oynadığını çox az adam bilir. Belə ki, Münhen təmsilçisi 2010/11 mövsümünün ikinci yarısında Alabanı "Hoffenhaym"a göndərib. Orda keçirdiyi 6 aydan sonra məxsus olduğu komandaya geri qayıdan David, önümüzdəki 10 il Almaniya nəhəngində oynamağa tam hazır idi.
"Real"a ilk qolu penalti olub.
Alaba Çempionlar Liqasındakı karyerası boyunca "Real"la 7 dəfə qarşılaşdığı üçün yeni komandasını yaxşı tanıyır. 2011/12 mövsümünün yarımfinalında "Kral klubu"na qarşı keçirdiyi ilk matçında penaltilər seriyasında ilk zərbəni avstriyalı müdafiəçi yerinə yetirmişdi. Alabanın indi yeni evi olan "Santiyaqo Bernabeu"da vurduğu həmin penaltinin qarşısını İker Kasilyas ala bilməmişdi.