4 il öncə bu gün azarkeşlər futbol tarixinin ən həyəcanlı "El Klasiko"larından birinə şahid oldu.
Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən xəbər verir ki, 2017-ci ilin 23 aprelində "Real" "Santyaqo Bernabeu"da "Barselona"nı qəbul edirdi. Kazemironun 28-ci dəqiqədə "Kral klubu"nu önə çıxaran qoluna 5 dəqiqə sonra Lionel Messidən cavab gəlmişdi - 1:1. 73-cü dəqiqədə İvan Rakitiçin "raket" kimi zərbəsi "Real"ın qapı torunu silkələmişdi. 4 dəqiqə sonra Messiyə qarşı kobudluğuna görə Serxio Ramosun meydandan qovulması, "Barselona"ya üstünlük yaratmış kimi görünürdü. Lakin Xames Rodriqez bərabərlik qolunu "Barselona"nın qapısından keçirə bilmişdi - 2:2
Oyunun heç-heçə ilə bitəcəyini gözləyərkən, Leo Messi 90+2 qolu ilə 1 xalı "Real"ın əlindən almışdı. Bunun ardınca tribunalara yaxınlaşan argentinalı ulduz futbolkasını çıxararaq donuq üzlü "Real" azarkeşlərinə göstərmişdi. Bu unudulmaz qol sevinci adını, futbol tarixinə yazdı...