"Barselona"nın prezidenti Xosep Bartomeu saxta profillər işlədən şirkətlə əməkdaşlıq etdiklərini etiraf edib.
Offsideplus.az xəbər verir ki, klub rəhbəri həmin şirkətlə əməkdaşlığı bitirdiklərini açıqlayıb: "Bəli, şirkətlə (I3 Ventures) əməkdaşlığımız olub. Lakin komandada çıxış edən oyunçuları, siyasətçiləri, keçmiş oyunçuları ləkələmək üçün klub heç bir iş görməyib. Hər şey yalandır. Bu haqda xəbəri yayanlar üzərində tədbirlər görəcəyik.. "I3 Ventures" şirkətinə məxsus bir hesabın oyunçular haqda mənfi fikirlər yazdığına görə, həmin şirkətlə bu gün müqaviləyə xitam vermişik".
Qeyd edək ki, 'Cadena Ser' radiosu ötən gün "Barselona"nın prezidenti Xosep Bartomeunun özünü və klubun İdarə Heyətini müdafiə etmək üçün sosial şəbəkələrdə saxta profillərlə məşğul olan bir şirkətlə əməkdaşlıq etdiyini açıqlayıb. Əməkdaşlıq çərçivəsində klub və rəhbərlik lehinə müsbət şərhlər yazılıb. Eyni zamanda, şirkət Messi və Antonellaya, Pike və Şakiraya, həmçinin "Barselona"da çalışan keçmiş simalar Puyol, Xavi, Qvardiola və namizədlər hesab olunan Viktor Font, Xuan Laporta və başqalarının sosial şəbəkələrdəki hesablarına hücum edərək mənfi fikirlər yazıb, onların hər biri haqqında neqativ statuslar paylaşıb. Klub ötən gün yaydığı açıqlamada xəbəri təkzib etmişdi. Radio əməkdaşlığı təsdiq edən paylaşımlar etdikdən sonra, Bartomeu etiraf etmək məcburiyyətində qalıb.