İspaniya La Liqasının XX turunda "Leqanes" üzərində 3:1 hesablı qələbə qazanan "Barselona" liderliyini davam etdirib.
Offsideplus.az-ın məlumatına görə, "Nou Kamp"dakı qarşılaşma bir neçə maraqlı statistik göstərici ilə diqqət çəkib.
"Barsa"nın qapıçısı Mark-Andre ter Ştegen dünən La Liqada 100-cü oyununa çıxıb. O, Kataloniya klubunun heyətində bunu bacaran ilk əcnəbi, eyni zamanda La Liqada 100-ə çatan birinci alman qapıçı olub.
Meydana ikinci hissədə daxil olan və qarşılaşmada son nöqtəni qoyan "Barselona"nın kapitanı Lionel Messi çempionatda qələbə sayında 3-cü pillədəki Raul Qonzalesə çatıb. Hər ikisinin aktivində 327 qalibiyyət var. İndi argentinalı yalnız Andoni Zubizarreta (333 qələbə) və İker Kasilyasdan (334 qələbə) geri qalır.
Leo eyni zamanda XXI əsrdə La Liqada əvəzetmədən meydana daxil olub ən çox (22) qol vuran oyunçudur.
"Barselona"nın ikinci topunun müəllifi olan Luis Suares isə bu komandanın heyətində ən çox qol vuranlar arasında "Top-5" siyahıya yüksəlib. Aktivində 167 qol olan uruqvaylı forvard 5-ci pillədəki Eskolaya çatıb. Onu 4-cü yerdəki Samitierdən 17 qol ayırır. Siyahıya isə 576 qolla Lionel Messi başçılıq edir. (matc.az)