“Barselona” “Atalanta”nın hücumçusu Ademola Lukmanla maraqlanır.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı nigeriyalı forvardı “Barselona”nın baş məşqçisi Hansi Flik şəxsən transfer etmək istəyir. Futbolçunun qiyməti təxminən 60 milyon avro olaraq göstərilsə də, bəzi mənbələr “Atalanta”nın onu iki dəfə daha ucuz qiymətə buraxmağa hazır olduğunu bildirir.

Lukman bu mövsüm bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 20 qola imza atıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Qeyd edək ki, Lukman 2024-cü ildə Avroliqanın finalında "Bayer Leverkuzen"in qapısından 3 qol keçirmişdi. Beləliklə, "Atalanta" rəqibinə 3:0 hesabı ilə qalib gələrək, çempion olmuşdu.