Türkiyənin "Qalatasaray" klubunda çıxış edən ulduz hücumçu Viktor Osimhen Avropanın transfer gündəmini zəbt etməyə davam edir.
Offsideplus.az xəbər verir ki, İspaniyanın məşhur "AS" nəşrinin yaydığı məlumatlara görə, yay transfer pəncərəsində iki dünya nəhəngi — "Real Madrid" və "Barselona" nigeriyalı forvardı heyətinə qatmaq üçün rəqabətə girib.
Madrid təmsilçisi Kərim Benzemanın gedişindən sonra yaranan mərkəz hücumçusu boşluğunu Osimhenlə doldurmağı hədəfləyir.
Osimhenin gəlişi ilə Kilian Mbappe və Vinisius Juniorun öz təbii mövqelərinə — cinahlara qayıtması, Osimhenin isə "təmiz 9 nömrə" kimi çıxış etməsi planlaşdırılır.
Madrid klubu 100 milyon avrodan çox ola biləcək bu transferi reallaşdırmaq üçün bəzi oyunçuları satmağa hazır ola bilər.
"Barselona" isə Osimheni Robert Levandovskinin uzunmüddətli əvəzləyicisi kimi görür.
"Kataloniyalılar"ın bu transferdə rəqabət apara bilməsi üçün ciddi maliyyə yenidənqurmasına və bəzi yüksək profilli oyunçularla yollarını ayırmasına ehtiyac duyulur.
Bu mövsüm "sarı-qırmızılılar"ın heyətində 30 oyunda 19 qol və 7 məhsuldar ötürmə ilə çıxış edən Osimhen Türkiyədə özünü sübut edib.
Qolundan aldığı zədə səbəbindən 4 matçı buraxan forvard dünən ("Genclerbirliği" ilə kubok oyunu) 78-ci dəqiqədə meydana daxil olaraq yaşıl meydanlara rəsmi olaraq qayıdıb.
27 yaşlı forvardın "Qalatasaray" ilə müqaviləsi 2029-cu ilin yayına qədər davam etsə də, FIFA agentləri onun yayda İspaniyaya transferini "çox real" hesab edirlər.


