“Barselona”nın yenilənən “Kamp Nou” stadionunun klub üçün əsl "qızıl mədəni"nə çevriləcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi stadion gəlirlərinə dair proqnozlarını əhəmiyyətli dərəcədə artırıb.
Məlumata görə, klub uzunmüddətli VIP oturacaq sahibliyi müqavilələri hesabına stadiondan əldə edəcəyi illik gəlir proqnozunu əlavə 350 milyon avro artırıb. Bu müqavilələr 30 ilə qədər müddəti əhatə edir və əsasən böyük qlobal korporasiyaları hədəfləyir.
VIP oturacaqlar üçün lisenziyaların qiyməti 80 min avroya qədər çata bilər. Eyni zamanda, stadionun hospitality (premium xidmət) tutumu da ciddi şəkildə genişləndiriləcək. Yeni “Kamp Nou”da premium yerlərin sayı 3,5 dəfə artaraq təxminən 9 400 yerə çatacaq.
Bu addım “Barselona”nın maliyyə dayanıqlığını gücləndirmək və klubun gəlirlərini uzunmüddətli perspektivdə artırmaq strategiyasının əsas hissəsi kimi qiymətləndirilir.


