“Real Madrid” klubu rəsmi açıqlama yayaraq Alvaro Arbeloanın əsas komandanın yeni baş məşqçisi təyin edildiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Alvaro Arbeloa 2025-ci ilin iyun ayından etibarən “Real Madrid Kastilya”sına rəhbərlik edib və 2020-ci ildən bəri bütün məşqçilik karyerasını klubun akademiyasında davam etdirib. O, 2020–2021 mövsümündə Infantil A komandası ilə liqa çempionu olub, 2021–2022 mövsümündə Cadete A-nı çalışdırıb, 2022–2025-ci illərdə isə "Yuvenil A" komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. Arbeloa 2022–2023 mövsümündə “üçqat tac”a (liqa, Kral Kuboku və Çempionlar Kuboku) sahib çıxıb, 2024–2025 mövsümündə isə yenidən liqa çempionluğu qazanıb.

Keçmiş futbolçu kimi “Real Madrid” tarixinin ən uğurlu dövrlərindən birində komandanın şərəfini qoruyub. O, 2009–2016-cı illərdə “Kral klubu”nun formasını geyinərək 238 rəsmi oyunda meydana çıxıb və bu müddətdə 8 titul qazanıb: 2 Çempionlar Liqası, 1 Klublararası Dünya Çempionatı, 1 UEFA Superkuboku, 1 La Liqa, 2 İspaniya Kral Kuboku və 1 İspaniya Superkuboku.

İspaniya milli komandasında da tarixi nəslin üzvü olan Arbeloa 2010-cu ildə dünya çempionu, 2008 və 2012-ci illərdə isə Avropa çempionu olub. O, milli komandanın heyətində ümumilikdə 56 oyun keçirib.

Bu barədə məlumat “Real Madrid”in rəsmi internet saytında dərc olunub.