21 may 2024 – “Real”ın məşhur yarımmüdafiəçisi Toni Kroosun AÇ-2024 turnirindən sonra karyerasını bitirmək qərarını açıqlayaraq azarkeşlərini üzdüyü tarix. Bu açıqlama bəşəriyyətin ən istedadlı oyunçularından birinin görkəmli futbol hekayəsinin sonunu bildirdi. Toni Kroos peşəkar karyerasına Münhen “Bayern”ində başladı. Burada müstəsna istedadı tez bir zamanda üzə çıxdı. Artıq 17 yaşında komandaya daxil olan Kroosun performansı onun potensialını nümayiş etdirdi. 2013-cü ildə Münhen təmsilçisinin Çempionlar Liqasını, Bundesliqanı qazanması almaniyalının şanını daha da artırdı.
2014-cü ildə Kroos karyerasında 2-ci baharını yaşayacağı “Real”a transfer oldu. Futbolçu tez zamanda yeni komandasına adaptasiya olaraq Madrid təmsilçisinin əsas fiqurlarından birinə çevrildi. Oyunun tempinə nəzarət etmək və dəqiq ötürmələr vermək bacarığı onu heyətin ayrılmaz hissəsinə çevirdi. Oynadığı müddətdə o, “Real”da çoxsaylı titulları, o cümlədən 4 dəfə Çempionlar Liqası kubokunu qazandırmağa kömək etdi.

Kroosun Almaniya millisindəki beynəlxalq karyerası da eyni dərəcədə uğurlu olub. Yığmada 2010-cu ildə debüt edən yarımmüdafiəçi qısa müddətdə əsas oyunçu kimi özünü təsdiqlədi. Hətta 2014-cü ildə millisi Dünya Çempionatının qalibi oldu. Braziliyadakı qeyri-adi çıxışı ilə yadda qalan Kroos mundialın “All-Star” komandasına adını yazdırdı.

Yarımmüdafiəçi karyerası ərzində müstəsna texniki bacarığı və futbol zəkasına görə yaddaşlara həkk olunub. Dəqiq ötürmə qabiliyyəti, meydanı görmə bacarığı və oyunu oxumaq istedadı ilə tanınan Kroos mükəmməllik modelinə çevrilən azsaylı futbolçulardan idi. 2018-ci il Dünya Çempionatında İsveçə qarşı oyunda cərimə zərbəsindən vurduğu qol futbolçunun kritik anlarda necə oyun sərgilədiyinin sübutudur.

Meydandan kənarda Kroos xeyriyyəçiliyi ilə tanınır. 2015-ci ildə yaradılmış “Toni Kroos Fondu” sağlamlıq problemləri olan uşaqlara dəstək olur, onlara çox ehtiyac duyulan resurslar və ümid verir.
Əminliklə deyə bilərik ki, AÇ-2024-də bütün gözlər Kroosda olacaq. Çünki o, sonuncu dəfə millinin formasını geyinəcək. Onun liderliyi və təcrübəsi əvəzsiz olacaq. Çünki turnirə ev sahibliyi edən Almaniya çempionluğu hədəfləyəcək. Azarkeşlər üçün bu, idmana çox şeylər bəxş etmiş bir oyunçu ilə emosional vida olacaq. Onun təqaüdə çıxması asan doldurulmayan bir boşluq yaradacaq. Lakin Kroosun möhtəşəm karyerası gələcək nəsilləri ruhlandıracaq.

Vahid Abbasov