Ölkəmizin ən köklü klublarından biri sözsüz ki, "Kəpəz"dir. Azərbaycan üçün bir çox oyunçular, futbol adamları bəxş etmiş bu komanda eyni zamanda 3 dəfə liqa çempionu, 4 dəfə isə ölkə kubokunun qalibi olmuşdur.
Ancaq, belə bir zəngin keçmişi olan klubun hazırda vəziyyəti çox acınacaqlıdır. Belə ki, "sarı-göylər" ciddi problemlərlə üz-üzədirlər. Bir yandan maliyyə problemi, sponsorun yoxluğu, digər tərəfdən isə stadionun olmaması Gəncə təmsilçisinə çətinlik yaradır.
Bəs, sadalanan çətinliklər komandanın bu dərəcə zəif çıxış etməsinə haqq verirmi?
Həmin problemlər zamanında tədricən niyə həll edilməyib ki, indi yığılıb qalıb?
Bütün bunların səbəbkarı kimdir?
Gəlin, əvvəlcə komandanın maliyyə məsələlərinə nəzər yetirək.
Klubun büdcəsinin az olması uğursuzluğun əsas səbəblərindən biri kimi göstərilir. Amma, liqaya nəzər saldığımız zaman "Kəpəz"lə eyni büdcəyə malik olan "Şamaxı"nı göstərə bilərik. Hansı ki, dünən Gəncə təmsilçisinin qapısından iki cavabsız top keçirdi. Maraqlı olan isə "şirlər"in elitaya yeni mövsümdə yüksəlməsidir. Aşağı liqadan gəlməsinə baxmayaraq, keçirdiyi 6 oyundan yalnız 1-də məğlub olub, digər 5 qarşılaşmanın 3-də qalib gəlib, 2-də isə bərabərə qalıb. Həmin az büdcə ilə "Neftçi", "Sabah" kimi güclü kollektivlərlə heç-heçə etməyi, avrokuboklarda uğurlu çıxışı ilə diqqət çəkən "Zirə"ni məğlub etməyi bacardılar. Ümumi komanda dəyərində də "Şamaxı" 3 milyon avroyla sonuncudur. Demək ki, maliyyə uğursuzluğa bəhanə deyil. Meydanda istək, mübarizə əzmi olanda nəticə də əldə etmək mümkündür.
Digər bir problem isə sponsorun yoxluğudur. Mövsüm başlayandan nəinki bir qələbə, heç bir xal belə qazana bilməyən komandanın sponsorsuz qalması çox normal haldır. Gərək ətrafa, ictimaiyyətə özünü sübut edəsən və ya bu yolda müəyyən inad, əzmkarlıq göstərəsən ki, sənə dəstək olmağa can atsınlar. Hazırki vəziyyətdə futbolçuların performansını, klub rəhbərliyinin yarıtmaz siyasətini nəzərə alsaq, gedişat komandanın hələ uzun müddət sponsorsuz qalacağından xəbər verir.
Növbəti çətinlik isə stadion yoxluğundan irəli gəlir. Komanda ev oyunlarını Tovuzda keçirir. Bu klubla yanaşı azarkeşlər üçün də ciddi problem yaradır. Fanatlar "12-ci oyunçu" hesab olunur. Komandaya dəstək olur, stimul verir, futbolçuları sona qədər mübarizə aparmaq üçün ruhlandırır, rəqibə təzyiq göstərir, yeri gəldikdə tərəfdarı olduqları komandanı uğursuz çıxışı, səhv addımları üçün tənqid edir. Lakin, "Kəpəz" bütün bu amillərdən məhrum durumdadır. Çünki, "Kəpəz"in oyununu canlı izləmək istəyən azarkeş gərək Gəncədən digər Tovuza getməlidir. Bu da çox adama uyğun gəlmir.
Amma, bu problem də demək olar ki, həllini tapıb. Komandanın əvvəl oyunlarını keçirdiyi Gəncə şəhər stadionu yenidən qurulur. Bu stadion 1962-ci ildə tikilib, istifadəyə verilib və istismar müddətini başa vurduğu, qəzalı vəziyyətdə olduğu üçün 2023-cü ilin sonunda söküldü.
Burdan belə bir sual ortaya çıxır ki, bəs 60 ilə yaxındır istifadə olunan stadionun yararsız olduğunu neçə illərdir aidiyyatı qurumlar görmürdümü?
Komanda aşağı liqada mübarizə apardığı zaman bu məsələlər tədricən həll edilə bilməzdimi?
Bəs, klub rəhbərliyi aşağı diviziondaykən sabah təkrar Premyer Liqaya qayıdanda bu problemlərin "Kəpəz" üçün böyük çətinliklər yaradacağını düşünmürdümü?
Belə bir məsəl var: "Dama-dama göl olar".
Bu problemlərin həlli üçün zamanında az-az da olsa əməli addımlar atılsaydı, indi klub belə böyük yükün altında qalmazdı. Sözsüz ki, bu acınacaqlı vəziyyət "Kəpəz" rəhbərliyinin səriştəsizliyi, cavabdeh qurumların isə məsuliyyətsizliyinin nəticəsidir.