"Qarabağ” Avropa Liqasının pley-offunda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin rəqibi olduqca köklü və güclü kollektivdir.

 

1921-ci ilin 19 yanvarında yaranan klubun ləqəblərindən biri "Os Arsenalistas"dır. Bu səbəbdən də Portuqaliya təmsilçisinin bayrağındakı rənglər İngiltərənin "Arsenal"ınkı ilə eynidir.

Rəvayətə görə, “Braqa”nın prezidenti Juze Antunes Qimaraynşın Londonda biznes əlaqələri olub. Bundan əlavə, funksioner "Arsenal" fanatı olduğu üçün klubun rənglərinin də “topçular”la eyni olmasına qərar verilib.

"Braqa"nın emblemində Müqəddəs Məryəm və qucağında İsa peyğəmbər, həmçinin böyük qızılı Braqa tacı əks olunub. Bir çox azarkeşlər Müqəddəs Məryəmin onlara uğur gətirdiyini bildirir.

Kollektiv ilk dəfə 1963/64 mövsümündə elitaya vəsiqə qazanıb.  Komanda 3 dəfə Portuqaliya Kubokunun (1965/66, 2015/16, 2020/21) və 2 dəfə Liqa Kubokunun (2012/13, 2019/20) qalibi olub. 2008-ci ildə UEFA İntertoto Kubokunu qazanaraq UEFA Kubokuna vəsiqə qazanıb. "Braqa" bu uğuru əldə etmiş yeganə Portuqaliya təmsilçisidir. Komandanın heç vaxt ölkə çempionatının qalibi olmaması azarkeşləri ən çox üzən məqamdır.

Kollektivə hazırda 51 yaşlı Artur Jorje başçılıq edir. Çempionatda 29 xalla 4-cü olan "Braqa"nın ən məhsuldar oyunçusu Simon Banzadır. 27 yaşlı Konqo əsilli fransalı hücumçu cari mövsüm 14 oyuna 13 qol vurub. Digər hücumçu Rikardu Orta isə 7 qolla 2-ci məhsuldar futbolçudur.

“Braqa” 2003-cü ilədək komanda ev oyunlarını "1 may" stadionunda (Estádio 1º de Maio) keçirib. Hazırda bu arenadan əvəzedici komanda yararlanır. 2003-cü ildən isə AÇ-2004 üçün tikilmiş Braqa Bələdiyyə stadionundan (Estádio Municipal de Braga) istifadə olunur. 30 286 tamaşaçı tutumuna malik arenanın inşası 108.1 milyon avroya başa gəlib.

"Qırmızı-ağlar" 2022/23 mövsümünü 3-cü pillədə bitirərək Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən mübarizəyə başlayıb. Əvvəlcə "Baçka-Topola"nı (3:0, 4:1), daha sonra "Panatinaikos"u (2:1, 1:0) üstələyən Portuqaliya təmsilçisi qrup mərhələsinə vəsiqə qazanır. Burada "Real", "Napoli" və "Yunion Berlin"lə eyni qrupda yer alır. "Braqa" İtaliya və İspaniya təmsilçisinə hər iki görüşdə məğlub olur. Almanlarla matçlarda isə bir qələbə qazanır, 1 heç-heçə edir. Bu nəticə ilə hesabına 4 xal yazdıran komanda Avropa Liqasının pley-offuna vəsiqə qazanır. "Qırmızı-ağlar" 6 matçda 6 qol vurur, 13 top qapısından buraxır. 

Gördüyünüz kimi, "Braqa" çox güclü və köklü klubdur. Lakin Azərbaycan təmsilçisinin də uzun marafon keçdiyini unutmayaq. Bir sözlə, komandamıza Portuqaliya təmsilçisi qarşısında uğurlar arzulayaq.