"Qarabağ" son bir ildə üçüncü dəfə Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşdı.

 Amma bu dəfə oyun ətrafında nə böyük ajiotaj, nə də kabab-sosiska atışması vardı. Hətta futbolsevərlərin çoxu matçın keçirləcəyindən, günü və başlama saatından xəbərsiz idi. Çünki kollektivlər Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə qüvvələrini sınayırdılar.

Oyun Ağdam təmsilçisi üçün əla başladı. Artıq 6-cı dəqiqədə "köhlən atlar"ın 19 yaşlı vingeri Nəriman Axundzadə əla və dəqiq zərbəylə adını tabloya yazdırdı. Rəqib hesabı bərabərləşdirdikdən sonra da Axundzadə səhnəyə çıxdı. Gənc istedad bu dəfə də macarları meydanın mərkəzinə dəvət etdi.

"Feretnsvaroş" yenə də çox keçməmiş hesabı bərabərləşdirdi - 2:2. Bu dəfə isə "Qarabağ"ın "1" nömrəsi Şahruddin Məhəmmədəliyev "səhnəyə çıxdı". Rəqib müdafiəçinin mərkəz xəttinin gerisindən ötürdüyü topu qarşılamaq üçün xeyli irəli çıxan "Şah" yenə də məyus oldu. Necə ki avrokuboklarda futbolsevərləri üzmüşdü, ötən gün də eyni mənzərəyə şahidlik etdik.

Təcrübəli qapıçı sanki bu "xəstəlik"dən qurtula bilmir. Biz az da bədiiləşdirsək, bu, artıq "Şah"da "xroniki" hal alıb. Yeni Avropa macərası öncəsi "atlılar"ın "çərçivə qoruyucu"sunun həmişəki səhvi etməsi Qurban Qurbanovu qayğılandırmaya bilməz.

Düzdür, bu, sadəcə yoxlama oyunu idi. Amma Məhəmmədəliyevin xeyli tənqidlərə rəğmən, eyni səhvi təkrarlaması "Qarabağ" üçün ciddi siqnaldır. Sosial şəbəkələrdə yazılan şərhlərə baxdıqda da bunu sezmək mümkün olur. Azarkeşlər, jurnalistlər - bir sözlə, futbol ictimaiyyəti Ağdam təmsilçisinin yeni avrokubok macərasında da Şahruddindən eyni "performans"ı görməkdən ehtiyatlanır.

Məhəmmədəliyevin isə bu "xəstəliy"ə qalib gəlmək üçün çox az vaxtı var...