"Qarabağ" UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununları çərçivəsində doğma meydanda Belçika təmsilçisi "Gent"i sınağa çəkəcək.
Qarşılaşma ilə bağlı fikirlərini öyrənmək üçün "köhlən atlar"ın braziliyalı sabiq qapıçısı Vaqner da Silvaya müraciət etdik.
Hazırda Portuqaliyanın "Uniao Torreense" klubunda əlcək geyinən 36 yaşlı qolkiper Offsideplus.az-a açıqlamasında matç barədə bunları dedi: "Maraqlı oyun olacaq. Belçikada oynadığım üçün "Gent"i yaxşı tanıyıram. Hər iki komanda keyfiyyətli oyun göstərir".
Zədə səbəbindən "Gent"lə oyunu buraxmaq məcburiyyətində qalan həmkarı Şahruddin Məhəmmədəliyev haqda da danışan Vaqner bu mövqeyə düzgün seçim ediləcəyinə ümidvar olduğunu bildirdi: "Düşünürəm ki, Şahruddinin yoxluğu böyük itki olacaq. O, Azərbaycanın ən yaxşı qapıçısıdır. "Qarabağ"da qapıçılar üzrə işləyən məşqçini çox bəyənirəm. Ümid edirəm ki, Qurban Qurbanov bu matçda qapıçı seçimi üçün doğru qərar verəcək. Həmişə olduğu kimi bu qarşılaşmada "Qarabağ"ı dəstəkləyəcəm".
Qeyd edək ki, braziliyalı çərçivə qoruyucusu 2018-2020-ci illər aralığında "Qarabağ"ın formasını geyinib.
Xatırladaq ki, fevralın 16-da Bakıda keçiriləcək "Qarabağ" – "Gent" oyunu saat 21:45-də başlayacaq.
Daşqın Əziz