"Qarabağ" sabah UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransa "Marsel"i ilə cavab qarşılaşmasına çıxacaq.
İlk oyunda fransızlara 1:3 hesabıyla yenilən Ağdam təmsilçisi Tofiq Bəhrəmov adına Respublika Stadionunda güclü rəqibinə qarşı layiqli mübarizə aparıb, qələbə qazanmağa və mərhələni keçməyə çalışacaq.
Fransada keçirilən matçda xoşagəlməz məqam da diqqətləri çəkdi. Gözlənildiyi kimi, Marsel şəhərində kompakt yaşayan ermənilər tribunalarda bayraqlarını nümayiş etdirdilər. Demək olar ki, 90 dəqiqə ərzində Ermənistan bayraqları bir qrup şəxsin əlindən yerə düşmədi. Həttta buna görə UEFA "Marsel" komandasına intizam işi də açdı.
Bizi maraqlandıran nüans isə "Qarabağ" azarkeşlərinin buna cavab olaraq sabahkı matçda xareoqrafiya nümayiş etdirəcəyi və ya xüsusi bannerlər açıb-açmayacağıdır.
Bu məqsədlə "köhlən atlar"ın fan-klublarının üzvlərinə müraciət etdik.
"Qarabağ Ordu" fan-klubunun təsisçilərindən biri Elçin Məmmədov Offsideplus.az-a açıqlamasında "Marsel"lə keçiriləcək oyunda sürprizlərinin olduğunu dedi: "Həmişəki kimi 25-ci sektorda toplaşacağıq və 90 dəqiqə ərzində komandamızı qələbəyə səsləyəcəyik. Çox güman ki, 28-ci sektor da "Marsel" azarkeşləri üçün ayrılacaq. Əlbəttə, oyun zamanı rəqib fanatlarla söz atışmalarımız olacaq. Ancaq sabahkı matçda tribunalarda bir-iki sürprizimiz də olacaq. Hazırda bunun üzərində işləyirik. Həm də bu oyuna əvvəlkidən daha geniş heyətlə gedəcəyik. Çünki "Qarabağ" üçün çox vacib və tarixi bir görüşdür. Mərhələni keçə bilməsək belə, ən azından gözəl oyun və qələbəyə şahidlik etmək istəyirik. Oyun boyu susmadan komandamıza dəstək olacağıq".
"İmarət Tayfa" azarkeş qrupunun idarə heyətinin üzvü Elnur Quliyev də sabahkı oyunda "Qarabağ"a güclü dəstək nümayiş etdirəcəklərini söylədi: "İmarət Tayfa" həmişə olduğu kimi, bu dəfə də tribunalarda seçilməyə çalışacaq. Xüsusi banner məsələsinə gəlincə, bu, hər zaman azarkeşlər tərəfindən sürpriz olaraq saxlanılır. Bəzən elə olur ki, hazırladığımız bannerlər polislər tərəfindən stadiona buraxılmır. Məsələn, illər öncə erməni terrorunun qurbanı olan azyaşlı Zəhra Quliyevanın şəkliylə arenaya daxil olmağımıza icazə verilməmişdi. Ona görə də çalışırıq ki, bu barədə qabaqcadan informasiya verməyək. "Qarabağ" klubu bizə heç vaxt tapşırıq vermir ki, "gedin, bunu həyata keçirin". Nə ediriksə, özümüz edirik. Və biz tutulanda da bunun cəriməsini komandamız ödəyir, hər zaman yanımızda olur".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
Onu da bildirək ki, pandemiya qaydalarına uyğun olaraq stadiona arenanın tutumunun 25 faizi həcmində tamaşaçı buraxılacaq.
Daşqın Əziz