"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Estoniyanın "Payde" klubunu qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

"Sabah bizi cavab görüşü gözləyir. İlk matçda uduzmuşuq, amma doğma azarkeşlərimiz qarşısında əlimizdən gələni edəcəyik ki, qalib gəlib mərhələni keçək. Rəqibin müəyyən üstünlüyünün olduğunu bilirik. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək. Eyni zamanda avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram. Çox istəyərdim ki, hər dörd komandamız əsas mərhələdə, ən azından pley-offda olsun. Bu, Azərbaycan futbolu üçün böyük təkan olardı".

Sadıqov İssa Cibrillanın formasından uzaq olmasına da aydınlıq gətirib:

"Bizdə məsələlər bəzən dəqiq təhlil olunmur. İssa keçən il altı dəfə zədələnib, hətta Kubokun finalında da zədələndi və bərpa dövrü keçdi. Səfər matçında ilk dəqiqələrdən şans versəm də, 100 faiz hazır olmadığını bilirdim. Cavab oyununda ona ehtiyacımız olacaq. Ümid edirəm ki, sabah İssa özünün ən yaxşı performanslarından birini göstərəcək".

Çalışdırıcı heyətə cəlb edilən gənc futbolçular və transfer planları barədə də danışıb:

"Futbolçuların potensialına inandıqca gəncləri komandamıza dəvət edəcəyik. Yeni transferlərimiz gəncdirlər, bəlkə də onların birində Salifu Sumanı, digərində Cibrillanı axtarırıq. İnanıram ki, gələcəkdə parlayacaqlar. Heyətə daha 4-5 legioner gətirməyi planlaşdırırıq, sadəcə tələsmirik. Avrokuboklara görə çempionatı qurban vermək niyyətimiz yoxdur. Danışıq apardığımız oyunçular var, qarşıdakı bir ay ərzində hər şey dəqiqləşəcək".

Baş məşqçi "Payde"nin təcrübəli və nəticəyə oynamağı bacaran kollektiv olduğunu xüsusi vurğulayıb:

"Səfərdəki matçda oyuna nəzarət edən taraf biz idik, amma qarşımızda təcrübəli və nəticə ala bilən rəqib var idi. Bizi çox yaxşı təhlil etmişdilər. Buraxdığımız qol bizi məyus etsə də, avrokuboklarda elə-belə rəqib olmur. Bəzən yaxşı oynamaq belə kifayət etmir. Növbəti mərhələdəki ehtimal olunan rəqiblər haqqında isə daxilən heç düşünmürük, bütün diqqətimiz yalnız sabahkı oyuna yönəlib".

Qeyd edək ki, görüş sabah - iyulun 30-da Sumqayıtdakı "SOCAR Polymer Arena" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.