"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) klubuna qarşı keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 44 yaşlı mütəxəssis hazırlığı tamamladıqlarını və sabahkı matçda əlverişli nəticə qazanmaq niyyətində olduqlarını bildirib:

"Bizi önəmli oyun gözləyir. Rəqibimiz təcrübəlidir və sabit olaraq avrokuboklarda çıxış edir. Amma bizim komandamız da təcrübəlidir. Hazırlaşmaq üçün vaxtımız az oldu, rəqibdə isə çempionat davam edir. Bəzi futbolçular toplanışa artıq çəki ilə gəlmişdilər. Avrokuboklarda iştirakımız planda yox idi, bəlkə daha əvvəl vəsiqə qazansaydıq, daha intizamlı gələrdilər".

Meydan sahiblərinin çalışdırıcısı komandadakı zədə problemlərinə və heyət durumuna da toxunub:

"Zədələr futbolun ayrılmaz hissəsidir, sadəcə bizdə tez-tez olur. Maykonun zədələnməsi bizi narahat edir, amma inanmaq istəyirəm ki, Aydın Bayramov təcrübəsi ilə onun yoxluğunu hiss etdirməyəcək. Tələsik seleksiya etmək istəmədik, hələlik 5-6 transfer yerimiz açıqdır. Heyətlə bağlı son qərarı isə sabah verəcəyik".

Qeyd edək ki, iyulun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Zirə" - "Torpedo" matçı saat 20:00-da start götürəcək. Cavab qarşılaşması isə iyulun 16-da baş tutacaq.