“Qarabağ” UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəyi səfər oyunundan öncə ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç sıradan çıxıb.

Monteneqrodan olan 27 yaşlı futbolçu məhz “Gent”lə Bakıda baş tutan ilk oyunda zədə almışdı. Bu üzdən də o, qarşılaşmanın 78-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, ilkin müayinələrdən sonra Yankoviçin zədəsinin ciddi olduğu müəyyənləşib. Bu üzdən də o, “Gent”lə səfər oyunu üçün “Qarabağ”ın iştirak ərizəsinə daxil edilməyib. Futbolçunun yaşıl meydanlardan nə qədər kənarda qalacağına isə təkrar müayinələrdən sonra aydınlıq gələcək.

Xatırladaq ki, “Qarabağ” “Gent”ə ilk oyunda 1:0 hesabıyla qalib gəlib. Cavab qarşılaşması fevralın 23-də Belçikada keçiriləcək.(fanat.az)