Dünən I Liqanın püşkü atıldı.
"Qəbələ" yeni mövsümün ilk oyununu “Zaqatala”ya qarşı keçirəcək.
Bu qarşılaşma ilə bağlı komandanın gözləntiləri nədir? Komandanın qarşısına bu mövsüm hansı hədəf qoyulub? “Qəbələ”nin büdcə ilə bağlı qarşılaşdığı mənfi məqamlar və çatışmazlıqlar varmı? Klub çempionluq uğrunda mübarizə aparmaq üçün kifayət qədər gücə malikdirmi? Bu suallara cavab tapmaq üçün Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq.
“Qəbələ”nin idman direktoru Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Bu mövsümün əsas məqsədimiz Premyer Liqaya qayıtmaqdır. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik.
Lakin bu, çox çətin olacaq. Çünki I Liqada digər komandaların transferləri bizi çətin mübarizənin gözlədiyini göstərir. Bu yol uğrunda 4-5 komanda mübarizə aparacaq. Buna görə də, asan bir mövsüm gözləmək olmaz. Bizi çətin mövsüm gözləyir.
Büdcə ilə bağlı lazımi kömək göstərilib. Rəhbərlik, vacib xərcləri sponsorlarımız və maddi yardım göstərən dostlarımızın dəstəyi ilə yerinə yetirməyə çalışır. Bəzi məsələləri həll edə bilmişik. Amma akademiya və infrastrukturla bağlı hələ də narahatlıq yaradan məqamlar var. Komandanın gücləndirilməsi istiqamətində işlər davam edir və bu, daim diqqət mərkəzindədir".