I Liqa təmsilçisi “İmişli” AFFA tərəfindən Premyer Liqada iştirak etmək üçün lisenziya alıb.
Mövsümü 47 xalla 4-cü pillədə başa vuran Aran təmsilçisi elitaya yüksələ bilməyib. Bir sözlə, "çəhrayı pələnglər" əllərinə düşən şansı boşa verdi. Görəsən, çempion ola bilməyən komandanın rəhbərliyi nə düşünür? Lisenziyanın əldən verilməsinə təəssüflənirlərmi? Məsələ ilə klubun icraçı direktoru Aqşin Mürsəlov Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“Mövsümün əvvəlindən çempionluq üçün oynayırdıq. Kollektivimizi ona görə formalaşdırmışdıq. Yaxşı, güclü bir komanda qurmuşduq. Bu il çempionat çox gərgin keçdi. “Qaradağ Lökbatan”, MOİK, “Şamaxı” sona qədər mübarizə apardılar. Son turlarda komandamızda yorğunluq hiss olundu. Oyunlara köklənə bilmirdik. Vacib xallar itirdik, xüsusən də, “Karvan”la səfər oyununda. Daha sonra “Qaradağ Lökbatan”la görüşdə sayılmayan qolumuz bizi mübarizədən bir az da araladı. Düşünürəm ki, layiq olan qazandı. “Şamaxı“ çempionatda əzmkar mübarizə apardı. Düzdür, son turlara qədər turnir cədvəlində bizdən aşağıda idilər. Xallar itirməyimiz onların işinə yaradı. İnşallah, gələn il daha yaxşı komanda formalaşdırmağı düşünürük. Yaxın zamanda da bəzi açıqlamalarımız olacaq”.