Anton Krivotsyukun "Visla"ya (Plotsk) keçidi ilə bağlı hazırlanmış təqdimat  videosunda Azərbaycan və "Neftçi" bayraqlarının yerə atılması ölkədə ciddi səs-küyə səbəb oldu.

Polşada Azərbaycana edilən hörmətsizliyə futbol azarkeşləri və ictimaiyyəti səthi yanaşa bilməzdi.

Offsideplus.az xəbər verir ki, məlum məsələ "Neftçi" rəsmilərini də qəzəbləndirib. Odur ki, "ağ-qaralar" dərhal qarşı tərəfə müraciət etməyi özünə borc bilib. Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəti Rüstəm Allahverdiyev saytımıza açıqlamasında baş verənlərlə bağlı bunları dedi: "Videonu görəndən sonra məsələ ilə bağlı araşdırmaya başladıq. Dərhal "Visla"ya məktub yazaraq video ilə bağlı narazılığımızı bildirdik və problemin nədən ibarət olduğunu anlatdıq. Səhvlərini etiraf etdilər. Ardınca videonu sosial şəbəkə platformalarından sildiklərini bildirdilər. Dediklərinə görə, həssas məqama diqqət yetirməyiblər. Antonun özü ilə də söhbətimiz oldu. Dedi, o an nə baş verdiyi ağlıma gəlməyib. Dediyim kimi, videonu silinib və qarşı tərəf səhvini başa düşüb".

Qeyd edək ki, Krivotsyuk "Visla" ilə 2 illik müqavilə bağlayıb.