"Qarabağ" klubunun baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov yenə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün AFFA-nın XXXIII Hesabat Konfransına qatılmayıb.

BİR AY ÖNCƏ YAŞANANLAR

Q.Qurbanov ardıcıl ikinci dəfədir qurumun təşkil etdiyi tədbirdə iştirak etmir. Bundan öncə, o, martın 14-də AFFA-nın İcraiyyə Komitəsinin iclasında olmayıb. Həmin vaxt bunun anlaşılmazlıq ucbatından baş verdiyi bildirilirdi. İcraiyyə Komitəsi iclasının əvvəlcə Tovuzda keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir SOCAR-ın inzibati binasında təşkil olunmuşdu. Martın 15-də "Kəpəz"lə qarşılaşmalı olan "Qarabağ"ın baş məşqçisi oyundan 1 gün əvvəl artıq Tovuzda idi. O, komitənin iclasını Tovuzda, komitə üzvləri isə Q.Qurbanovu Bakıda gözləyirdilər.

"QARABAĞ" SƏBƏB GÖSTƏRDİ

Bəs bu dəfə nə baş verib? Məsələ ilə bağlı əlaqə saxladığımız "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məsələni belə izah etdi: "Bu gün Misli Premyer Liqasında oyunumuz var. Komanda səhər məşqində olub. Baş məşqçimiz Qurban Qurbanov komandanın yanında idi. Səhər məşqi və oyun proqramına görə Qurban müəllim AFFA-nın Hesabat Konfransında iştirak edə bilməyib".

FORMAL OYUNA HAZIRLIQ

Görəsən, "Qarabağ" həmişə oyun günü məşq edir? Axı, komanda bu gün autsayder "Səbail"lə mübarizə aparacaq və çempionluq vəzifəsi demək olar, 99,9 faiz həllini tapıb. Bugünkü qarşılaşma az qala formal xarakter daşıyır. Hətta Ağdam təmsilçisi bu tur çempionluğu rəsmiləşdirə bilər. 

A.Hacıyevə bu məqamı da xatırlatdıq. O deyib ki, komanda adətən Avropa miqyaslı yarışlar zamanı səhər məşqləri həata keçirilir: "Belə deyək, bu, daha çox avrokubok oyunlarında olur. Matçlar axşam saatlarına təsadüf edəndə səhərlər məşq keçirik".

AFFA PREZİDENTİ NƏ DEYİR?

Bu məsələ AFFA-nın Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında da ortaya atılıb. Qurban Qurbanovun hansı səbəbdən tədbirlərə qatılmamasına dair sualı AFFA prezidenti Rövşən Nəcəf cavablandırıb: "Hansısa problem yoxdur. Qurban müəllim bizim iclaslarımızda iştirak edir. Yəqin ki, son tədbirlərə müəyyən səbəblərə görə gələ bilmir. Onunla münasibətlər yaxşı olaraq qalır, futbolla bağlı müzakirələrdə fəallıq göstərir. Hansısa soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşa bilərsiniz. İclaslarda iştirak etməməyə gəlincə, hərənin öz planı var. Hamını eyni vaxtda, eyni yerə yığmaq çətindir".