“Kayserispor”un sabiq futbolçusu Velliton keçmiş həyat yoldaşı Rafaela Karvalyo tərəfindən məişət zorakılığında ittiham edilir.
Offsideplus.az "sportbox.ru" ya istinadən xəbər verir ki, qadın braziliyalı hücumçunun onu dəfələrlə döydüyünü və illərdir təhdid və təqib etdiyini vurğulayıb:
“Belə illər çox olub, altı il. Biz Braziliyadan kənarda yaşadığımız zaman mənə qarşı çoxlu zorakılıq edirdi. Birləşmiş Ərəb Əmirliklərində yaşayırdıq və bir müddət kağız üzərində rəsmi nikahımız yox idi. Bundan sonra o, hətta pasportumu, mobil telefonumu və pulumu gizlədib. Sonda mən dostlarımın yanına qaça bildim. Bu haqda çox az adam bilirdi” – deyə, futbolçunun keçmiş həyat yoldaşı bildirib.
Rafaela qeyd edib ki, 36 yaşlı forvard ilə boşanmaq üçün bir ildən artıqdır ki, məhkəməyə müraciət edib. O, təqib və təhdidlərin indi də davam etdiyini deyib. Qarşı tərəfin vəkili "sambaçı"nın bütün məhkəmə çağırışlarına cavab verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Velliton 2016-2017-ci illərdə çıxış etdiyi "Kayserispor"da 28 oynda 12 qolla yadda qalıb. O, karyerası ərzində "Spartak" (Moskva), Braziliyanın "Qremio" İspaniyanın "Selta", Türkiyənin "Mersin İdman Yurdu" kimi komandalarında çıxış edib. O, hazırda karyerasını Braziliyanın B Seriya təmsilçisi "Qremio Novorizontino" klubunda davam etdirir.