Albaniyanın paytaxtında keçirilən "Muhamet Malo" reytinq turniri davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan güləşçiləri daha iki medal qazanıblar.

63 kq çəki dərəcəsində iki təmsilçimiz - Ziya Babaşov və Sakit Quliyev bütün rəqiblərini məğlub edərək finalda üz-üzə gəliblər.

Gərgin keçən həlledici görüş 1:1 hesabı ilə başa çatsa da, "ilk xal" prinsipinə əsasən Ziya Babaşov qızıl, Sakit Quliyev isə gümüş medala sahib çıxıb.

Digər təmsilçilərimizdən Məhəmməd Şükürzadə (67 kq) bürünc medal uğrunda görüşdə gürcü rəqibinə uduzaraq yarışı medalsız başa vurub. Murad Məmmədov (63 kq) isə 1/8 finalda məğlub olub.

Bu nəticələrlə Azərbaycan güləşçilərinin turnirdə qazandığı medalların ümumi sayı 6-ya çatıb.