Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 97 kq. çəki dərəcəsində finalda Məhəmməd Əhmədiyevə qalib gələrək (3:1) çempion olan Murad Əhmədiyev jurnalistlərə müsahibə verib. 
Offsideplus.az müsahibəni təqdim edir:

- Birinci hissə istədiyim kimi alınmadı, ikinci hissədə bir az artırdım və parter vəziyyətinə saldım. Parterdə çevirmə fəndi ilə 2 xal qazandım. 3:1 hesabı ilə qalib gəlib, çempion oldum.

- Finalda qardaşınız rəqibiniz çıxdı...

- Bəli. Yunan-Roma güləşi tarixində deyəsən ilk dəfədir ki, Azərbaycan çempionatının finalında 2 qardaşlar üz-üzə gəlirdi. 

- Hamı gözləyirdi ki, qardaş qardaşa güzəştə gedəcək, lakin tərzi oldu...

- Nə qədər qardaş olsaq da, döşəkdə qardaşlıq keçmir. Aramızda güzəştə getməklə bağlı heç bir danışıq getməmişdi. Güləşməli və kim güclüdürsə, o qalib gəlməli idi. 

- Bir daha döşəkçə üzərində qardaşınızla qarşılaşmaq istəyərsiniz? 

- Yox (gülür). Bir daha qarşılaşmaq istəməzdim. 

- Yarışdan əvvəl finala çıxacağınızı bir-birinizə söz vermişdiniz? 

- Bəli, yaxşı hazırlaşmışdıq. Bir qrupda qardaşım, aşağı qrupda isə mən qalmışdım. Bilirdik ki, finalda qarşılaşa biləcəyik. Qismət oldu, üz-üzə gəldik. 

- İki qardaşdan biri çəki dərəcəsini dəyişməyi düşünür? 

- Xeyr. Yuxarı çəkidə 130 kq., aşağı isə 97 kq.-dır. Mən və qardaşım 100 kq. çəkidədir. Çəkimizi dəyişmək alınmır, ona görə də ikimiz də 97 kq.-da güləşirik. 

- Çempionatdakı rəqabəti necə dəyərləndirərdiniz? 

- Çəkimizdə çox güclü güləşçilər vardı. Bu gün güclü biz olduq və qalib gəldik. 

- Növbəti hədəf nədir? 

- Apreldə Avropa çempionatı olacaq. İnşallah ora hazırlaşacağıq, məqsəd qalib gəlməkdir.