Ötən mövsüm Misli Premyer Liqasında sonuncu yeri tutan "Səbail” klubunun icraçı direktoru Firuz Abdullanın Offsideplus.az saytına müsahibəsi
- Yeni mövsümə hazırlıqlar necə gedir?
- Hər şey qaydasındadır. Bu ayın sonlarına yaxın təlim-məşq toplanışlarına başlayacağıq.
- Transfer çalışmaları nə yerdədir?
- Transfer məsələlərinin demək olar ki, 80 faizini artıq yekunlaşdırmışıq.
- Ancaq yeni transferlərlə bağlı klubun rəsmi açıqlaması yoxdur.
- Bəli. Hələ ki, transferlərlə bağlı açıqlama verməmişik. Prosesi tam komplektləşdirmək üçün bəzi məsələlər həllini tapmalıdır. Hazırda növbəti mövsüm I divizionda legioner limitinin necə tənzimlənməsi ilə bağlı AFFA-nın qərarını gözləyirik. Hələlik, bununla bağlı açıqlama yoxdur. İcraiyyə Komitəsinin son iclasında sözügedən məsələ müzakirə olunmadı. Ümid edirəm ki, növbəti iclasda bununla bağlı qərar qəbul olunacaq. Legioner limitindən asılı olaraq biz də transfer siyasətimizi müəyyənləşdirəcəyik.
- Bəs ötən il komandaya cəlb olunan oyunçuların taleyi necə olacaq?
- Onların böyük əksəriyyətinin müqavilə müddəti başa çatıb. Üç futbolçu ilə sözləşməmiz var. Çox güman ki, onlarla da qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verəcəyik. Məlum məsələdir ki, I Liqadakı büdcə ilə Premyer Liqa üçün müqavilə bağlamış futbolçuların maliyyə öhdəliklərini yerinə yetirmək çətindir.
- Ötən mövsüm Premyer Liqada oynayan futbolçular üçün bu mövsüm I divizonda oynamaq çətin olmayacaq? Ümumiyyətlə, komandada atmosfer necədir?
- Böyük ölçüdə heyət demək olar ki, tamamilə dəyişəcək. Bir neçə futbolçu var ki, ötən mövsümü bizimlə keçirib. Onların arasında həm əsas komandada olanlar var, həm də əvəzedici heyətin tərkibində çıxış edənlər. Əvəzedici heyətdən əsas komandaya yüksələn futbolçular üçün I Liqa olsa belə oynamaq əlavə motivasiyadır. Ötən mövsüm çıxış edib divizona yuvarlanmış heyətin üzvləri də Premyer Liqaya layiq futbolçu olduqlarını sübut etmək üçün şans qazanacaqlar. Düşünürəm ki, psixoloji baxımdan elə bir problem olmayacaq.
- “Səbail”in I Liqadakı əsas hədəfi nə olacaq?
- Məqsəd ilk ildəcə Premyer Liqaya qayıtmaqdır. Ancaq bu futboldur - proqnozları alt-üst edən bir oyun. İstənilən halda, bizim əsas hədəfimiz elə ilk mövsümdəcə I divizonda qalib olub, növbəti mövsümü yenidən Pemyer Liqada keçirməkdir. Ancaq bu baş verməsə, faciə olmayacaq. Əvvəlki mövsümlərdə bilirsiniz ki, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk etmirdi. I diviziondan çox nadir hallarda yüksək liqaya komandalar yüksəlirdi. Uzun illər sözügedən sistem lazımi qaydada çalışmadığına görə bizim futbol ictimaiyyətində belə bir təsəvvür formalaşıb ki, hansısa komanda Premyer Liqanı tərk edirsə, bu faciədir. Dünyada artıq uzun illərdir ki, bu sistem işləyir. Elə ölkə çempionatları var ki, illərlə yüksək liqada oynamış komanda üçüncü, dördüncü diviziona qədər enə bilir. Sonradan özündə güc tapıb yenidən əsas liqaya qayıdır. Bu, normal futbol hadisəsidir. Alınmasa belə, təkrar cəhd etməyə dəyər.



