Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında bu gün böyük gimnastların mübarizəsinə start veriləcək.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirdə kişilər, qadınlar və qarışıq komandalar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər.
Kişi və qadınlarda 8, qarışıq komandalarda isə 10 ölkə mübarizə aparacaq. Azərbaycanı yarışda yalnız kişilərdən ibarət kollektiv təmsil edəcək.
Qeyd edək ki, ötən gün yeniyetmələr arasında ilk finalçılar bəlli olub. Danimarkanın kişilərdən ibarət kollektivi 55.900, qadınlardan ibarət komandası 50.250 xal toplayaraq bütün rəqiblərini qabaqlayıblar. Qarışıq komanda yarışlarında isə İslandiya 50.600 xalla həlledici raundda iştirak hüququ qazanıb.
Yeniyetmələrin final mərhələsi oktyabrın 18-də baş tutacaq və çempionatın ilk mükafatçıları müəyyənləşəcək.
14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə oktyabrın 19-da yekun vurulacaq.