“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 27-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyun haqda danışıb.
Offsideplus.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Oyuna yaxşı başladıq. İlk hissə yaxşı keçdi. Pressinq tətbiq edirdik. Təəssüflər olsun ki, bunu hesada əks etdirə bilmədik. Autdan sonra qapımızda qol gördük. Ucuz qol buraxdıq. Sona qədər mübarizə apardıq. Nəticəni dəyişə bilərdik, lakin fərqlənə bilmədik. Futbolçularımın çıxışından çox narazı ola bilmərəm.
Bəzi məsələlər var ki, sırf xarakterlə bağlıdır. Hansısa futbolçumda laqeydlik görsəm, tədbir görərəm. Hansısa epizodda nəsə alınmaya, uğursuzluq ola bilər. Amin Seydiyevlə bağlı epizodu şərh etmək istəmirəm.
Oyunun gec saatda başlaması, əksinə, futbolçular üçün daha yaxşıdır. Sanki beynəlxalq matça hazırlaşırsan. Rəqib də elə beynəlxalq səviyyədə rəqib idi. Sərfəli nəticə qazana bilərdik. Lakin “Sabah”ın heyətində olan futbolçular nəticəni müəyyənləşdirdi.
Əvvəlki illərdə epizod olurdu, şərh edirdik. Bu il hakimlərin səhvləri daha azdır. Tez-tez olmasa da, kritik səhvlər olur. Həm komandam, həm də rəqib yaxşı mübarizə apardı. Meydanda olanlara kölgə salmaq istəmirəm.