"Birinci dəqiqələrdən görünürdü ki, oyunumuz getmir, alınmır. Startda qol buraxırsansa, nəticə də bu cür olacaq. Düzdür, çox yaxşı oyunlarımız olmayıb. Nə məndən əvvəl, nə də mənim dövrümdə. Bəlkə də, bu, ən bərbad oyunumuz idi. Bu cür oyunla heç nəyə ümid etmək də olmaz. Layiqli şəkildə uduzduq. Bu gedişlə davam etsək, Premyer Liqadan düşsək, demək ki, layiqli şəkildə alınacaq. Əsəbdən dediyim sözlər deyil. Sadəcə bunları vurğulamaq lazımdır. Futbolçularla oyundan qabaq danışdıqlarımız hara, oynadığımız hara. "Kəpəz"in necə qol vura biləcəyi barədə danışmışdıq. Amma rəqib elə o mövqelərdən qol vurdu, bəzi oyunçularımızın qarşısından. Bu gün meydanda baş verən proseslərə görə, haqlı olaraq uduzmalı idik. Axırıncı iki-üç dəqiqəni heç hesaba almıram. Həmin asmaları onsuzda bütün komandalar edir. Bu, oyun üçün göstərici deyil. Qarşılaşmanın əvvəlindən öz ağırlığını qoya bilmirsənsə, uduzmağa məhkumsan".
Offsideplus.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 24-cü turunun "Kəpəz"lə (1:2) matçından sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- İlk yarıda "Sumqayıt" futbolçuları üçüncü ötürməni verə bilmirdi. Nə çatmadı?
- Oyun başladı və futbolçular bir-birinə ötürmələr edirdi. Amma orada artıq ustalıq səviyyəsi özünü göstərməlidir. Bugünkü gündə bizim futbolçular ötürmə verməklə, oyunun udulacağını düşünürsən, belə deyil. Bugünkü oyun da, buna sübut idi. Ustalıq səviyyəsi yoxdur, yaxşı, bunu başa düşdük. Heç olmasa, ürəyini meydanda qoymalısan, hər mübarizədə birinci olmalı, birinci və ikinci topları götürməlisən. Bunlar da yoxdursa...Bizim kimi komandalar üçün ustalıq səviyyəsindən danışmaq yersizdir. Amma dediyim ruhla da oynamayanda, nəticə bəlli olur.
- Buraxılan hər iki qolda Aydın Bayramovun səhvi var idi. Bu, nədən irəli gəlir, rəqabətsizlikdən, yoxsa qapıçı məşqçisinin zəif işləməsindən?
- Yox, qapıçılar üzrə məşqçinin bura nə dəxli? Komandanın baş məşqçisi var. Bəli, rəqabətsizlik ola bilər. Bir mətbuat konfransında demirəm, ikinci mətbuat konfransında demirəm, amma hər oyunda qapıda belə səhvlər var. O, oturub karyerasını düşünməlidir. İkinci qolda böyük səhvi oldu. Bu gün meydanda olan heç bir oyunçunu xüsusi dəyərləndirmək mümkün deyil. Bu oyunçu bir az yaxşı oynadı, demək olmur. O səhvlər olmasaydı, ən azından heç-heçə etmək imkanımız yarana bilərdi. Səhvlər sıralandıqca da, bu cür əziyyətlər çəkirik. Amma bunun da sonu olacaq.