Samir Abbasov “Sumqayıt”ı 100-cü dəfə çempionat oyununa çıxarıb.
Offsideplus.az xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının 22-ci turuna təsadüf edib. 45 yaşlı mütəxəssis “Şamaxı” ilə ev matçınadək “Gənclik şəhəri” təmsilçisini Premyer Liqada 99 sınağa çıxarmışdı.
O, 2015-ci ilin oktyabrından 2018-ci ilin mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt”ın “sükanı arxası”nda olub. 2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari çempionatın 15 qarşılaşmasında iş başında olub.
Abbasovun rəhbərliyi altında keçirdiyi 100 oyunda “Sumqayıt” 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə uduzub. Bu matçlardakı top fərqi 113-135-dir. Komanda çempionatda aktivinə 125 xal yığıb.
Qeyd edək ki, sumqayıtlılar bu görüşdə 1:0 hesablı qələbə qazanıb.