"Vacib olan üç xal idi ki, onu da qazandıq. Birinci hissədə pis oynamadıq, əks-hücumlara imkan vermədik. İkinci yarıda bunu qola çevirməliydik. Çünki rəqib böyük üstünlüklə hücuma atılmışdı. Futbolçular zərbə vurmalıdır, ötürmə verir, ötürmə verməlidir zərbə vurur. Keyfiyyət məsələsi ikinci yarıda özünü göstərdi. Futbolçularımı təbrik edirəm".
Offsideplus.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Premyer Liqanın 22-ci turunun "Şamaxı" ilə oyunundan sonra deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Kamran Əliyevin oyunundan razı qaldınız?
- Özünü debüt münasibəti ilə təbrik etdim. Amma açıq deyim ki, Dieqo Karioka zədələnməsəydi, Kamran bu gün oynamayacaqdı. Fiziki durumu imkan vermir ki, oynasın. Bəlkə də, Dieqonun zədələnməsi Kamranın fiziki durumunu bərpa etməsini sürətləndirər. Oynadıqca artıracaq. Yaxşı və pis oynasaydı da, birinci matçıdır, başa düşmək olardı. Kamrana uğurlar arzulayıram. Allah qoysa, daha çox xeyrini görərik.
- "Sumqayıt" futbolçuları tez bir zamanda cərimə meydançasına daxil olur. Bunu qış fasiləsində düzəltdiniz?
- Mən gələnə qədər heç qol da vurmamışdıq. Bunun səbəbi cərimə meydançasına qədər gedib çıxmamağımız, hücum qurmamağımız idi. Burada böyük problemlərimiz var idi. Gecəmiz-gündümüz məşqlərdədir. Fikrimiz cərimə meydançasına daxil ola bilməkdi. Sonluğu gətirmək futbolçulardan asılıdı.Bu gün də ikinci yarıda əziyyət çəkdik. “Neftçi” ilə oyunda 6-7 nəfərlə cərimə meydançasına daxil olurduq, amma son ötürmə, son vuruşlarda axsıyırıq. Düzəldəcəyik. Düzəlməsə, bunları edən oyunçular bizə mütləq lazımdır. Bununla nəticə qazanmaq istəyirik.