"Sumqayıt" klubu Misli Premyer Liqasının 18-ci turunda doğma meydanda "Sabah"a 0:6 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:
- İlin son oyununu yaxşı notlarla bitirmək istəyirdik. Əfsuslar olsun ki, belə alındı. Açığı, bu cür məğlubiyyəti gözləmirdik. Təhlükə var idi. Yadınızdadırsa, ötən dəfə demişdim ki, "Sabah" əvvəlki rəqiblərdən fərqlidir. "Kəpəz" və "Səbail" bəlkə də gücümüzə görə komandalar idi. Turnir cədvəlində də yan-yanayıq. Əvvəlki oyunlarda buraxdığımız səhvləri bu dəfə "Sabah" bağışlamadı. Bu mənada proqnozlaşdırdığımız başımıza gəldi. Uduzmağımızın səbəbləri ayrı-ayrılıqda qlobaldır. Biz qərarlarda, tez fikirləşməkdə rəqibə uduzduq. Təzyiqi, pressinqi atlaya bilirdik. Amma lazımı anlarda qərar verə bilmirdik. Bu, komandanın ümumi bəlasıdır. Bu, sırf futbolçuya məxsus keyfiyyətlərdir ki, onu düzəltmək çox çətindir.
- Müdafiənin bu qədər bərbad çıxış etməsi, bəsit qollar buraxmağınız nə ilə əlaqədardır?
- Başqa səbəbləri yox idi. Udduğumuz matçları dördlü müdafiə ilə oynamışdıq. Bunu dəyişmək istəmədik. Öz çempionatımızdan danışanda, nə qədər yaxşı olduğunu deyirik. Amma biz gördüyümüz vizualdır. Oyunun içindən üzə çıxan nəticə budur - 0:6. Oyunçuların verdiyi qərarları görə bilmirik. Bu yöndə çempionatımızda axsamalar var. Bizim komandanın hücumda və müdafiədə buraxdığı səhvlər bəsitdir. Demək ki, həmin epizodda doğru olan qərarı verə bilməmisən. Altı qol buraxdıq deyə, səhvlər üzə çıxdı, yox. Bu, hər oyunda var. Mən öz komandamdan danışım. Amma bu, tək mənim komandamda deyil vallah. Bizdən üst pillələrdə qərarlaşan komandaların futbolçularının düşdüyü vəziyyətdə verdiyi qərarlar, səhvlər... Avropadakı ortabab çempionatlardan da bəlkə aşağı səviyyədir. Bu baxımdan çox axsayırıq. Digər komandaları analiz edə bilmərəm, o ixtiyarda deyiləm. Amma oyunlara baxırıq, rəqibi analiz edirik.
- Oyunçu dəyişikliyi etmirdiz. Hücumçular niyə meydana daxil olmadı? Halbuki, yeni gələn Tissdel, Aqanspahiç var idi ehtiyatda.
- Özümüzdə inam olsaydı, edəcəkdim. Liberiyalı forvardı qoyaq kənara. Atmosferi hiss etsin deyə, skamyadaydı. O, bu il oynamayacaqdı, çünki hazır deyil. Ad olsun deyə, meydana buraxmaq mənasızdır. Digər oyunçuları meydana buraxsaq, sürəti artıracaqdımı? Yox. Aqanspahiçi də buraxsaq, belə olmayacaqdı. Rüfəti də buraxdıq, sürət görmədik. "Sabah" üç dəyişiklik edib deyə, biz də hansısa dəyişiklik etməliyik, doğru deyil. Hiss etsəydik ki, hansısa futbolçunu meydana buraxsaq, nəyisə dəyişəcək. Bəlkə də, edərdik.
- Todorskinin ehtiyatda qalması nə ilə bağlı idi?
- Todoru meydana buraxmamağımın öz səbəbləri var idi. Bunu açıqlamaq istəmirəm. Qalsın.
- Yeni transferiniz barədə nə deyəcəksiz?
- Məşqlərdə göstərdiyi performans bizi qane edir. Yaxşıdır. Oyunlar tamam başqadır. Meydana çıxıb fikir də dəyişdirə bilər. Məndə yox, sizdə dəyişilə bilər ki, deyərsiz "budumu gətirdikləri?" Məsəl üçün deyirəm. Pis futbolçu deyil. Məşqlərini intensiv olaraq edir. Futbolçuları istirahətə buraxırıq, amma Tissdel burada qalacaq, hazırlaşacaq ki, daha da yaxşı formaya düşsün.