“Çətin oyun olacağını bilirdik. Rəqibi təbrik edirəm. Həm daha istəkli idilər, həm də onlarda hər şey alındı. Çempionat uzun marafondur, belə oyunlar olur. Köklənirsən, qələbə qazanmaq istəyirsən. Amma həm tez qollar buraxdıq, həm də sadə səhvlər etdik. Toparlanmalıyıq. İtkilərimiz də var idi. Ancaq bəzi oyunçular belə görüşlərdə “artırmalıdırlar”. Onların üzərinə məsuliyyət düşür, şans verilir".
Offsideplus.az xəbər verir ki, bunu "Turan Tovuz" klubunun baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 13-cü turunda evdə "Şamaxı"ya 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis ard-arda qazanılan qələbələrdən sonra futbolçulardan arxayınlıq yaranıb-yaranmaması ilə bağlı deyib: "Xeyr. Biz hələ heç nə etməmişik, 15 xal toplamışıq. Mən futbolçularımı tanıyıram, arxayınlıq deyil. Bu gün alınmadı. Bura gələndə ilk sözüm o olmuşdu ki, səbrli olmalıyıq. Bu gün azarkeş iki cürdür. Bir var klubun azarkeşi, bir də var tamaşaçı. Ayda bir dəfə stadiona gəlir və öz iddiasını qoyur. Bu da normaldır. Onları da başa düşürəm. Amma 13-cü turdur və mən çətinlikdən danışmamışam, danışmayacağam da. Çətinlikləri bilib bura gəlmişik, kömək etmək istəyirik. Səbriz olsalar, gələcəkdə mən də öz qərarımı verə bilərəm. Bu gün mənim əlimdə böyük heyət, böyük büdcə yoxdur ki, hər komandaya qalib gəlim. Bunun qarşısı alınmasa, yəqin ki, burada çox qalmayacağam.
A.Abbasov bölgələrdə azarkeşlərin gəlmə məşqçini bəyənmədiyi ilə əlaqədar deyib: "Problem yoxdur. Bu gün kimsə özünü hazır sayırsa, vəzifəmi təhvil verə bilərəm".(qol.az)