"Turan Tovuz" Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ"la səfərdə oynamaq daha çətindi. Amma futbolçularım sona qədər vuruşdular. Əlbəttə, belə matçlar bizə vacibdi, inkişaf üçün. Danışılası çox şey yoxdu. Qarşıya baxacağıq. Çətin oyunlar gəlir. Bəzi mövqelər var ki, zədələr çətinlik yaradır. Amma qışa qədər dözmək lazımdı.
- Ben Aziz Dao oyuna hazır deyildi, yoxsa həyəcanlı idi?
- Planda yox idi onu oyuna buraxaq. Zədədən çıxmışdı. Cinahlarda başqa oyunçumuz olmadığına görə məcburiyyətdən onu meydana buraxdıq. Birdən-birə "Qarabağ" kimi cinahlarda təzyiq yaradan komandaya qarşı oynadı, çətinlik çəkdi.
- "Yaxşı qurtardıq" dediyiniz an oldu?
- Futboldu, real baxmaq lazımdır. "Qarabağ"ın bu heyətlə Avropada qarşısına çıxan yoxdu. Futbolçularıma belə oyunlar lazımdı. Hesab hər cür ola bilərdi. Qorxsaq, inkişaf edə bilmərik.
- Sizcə, oyuna cəsarətli başlasaydınız nəticə başqa cür olardı?
- Oyundan sonra qərarımızın səhv və ya düz olduğunu düşünmürük. Birinci qol fərdi səhv oldu. Bilirdik ki, orta sahədə top itirmək olmaz. Turanın ehtiyatsız pası, təkbətək çıxardı Ovusunu. Hazırlaşanda da bilirdik ki, evdə "Qarabağ" 10 dəqiqəyə qol vurmaq istəyir, böyük pressinq edir. Təəssüf ki, qol buraxdıq.
- Tərlan Quliyev niyə oynamadı?
- Sanki Tərlanın dostu-qardaşı kimi sual verdiniz. Bizim komandada hər kəs oynaya bilər, oynamaya da. Tərlan inandıqlarımızdandır, təcrübəlidir. 8 tur oynayıb. Bu gün komandada rəqabət var. Bəlkə də siz azarkeş, media işçisi kimi baxırsız. Rəqibə, səhvlərə baxırıq. Tərlan da oynayacaq. Hansısa futbolçunun oynmamasının izahatını verməli deyilik.
- Böyük hesabla uduzdunuz. Qazancınız nə oldu?
- İtirəcəyimiz bir şey yoxdur. "Turan Tovuz" 9 ildən sonra Premyer Liqadadı. Komanda qurmaq istəyirik. Bu kollektivin qarşısına hansısa tələblər qoymaq yalnış olar. Çünki bölgə klubunu bu çempionata uyğunlaşdırmaq, belə rəqiblərə qarşı mübarizə aparmasına vaxt lazımdı. Bölgələrdə futbol var, amma tələsirik ki, nə qazandıq? Onu qazandıq ki, öz klublarında oynaya bilməyənlər futbolçular burada oynayır. Səbail Bağırovu qazanmışıq ki, I Divionda oynayırdı.
- Sizin fikrinizcə, hansısa komanda "Qarabağ"ı dayandıra bilər?
- "Qarabağ" bu heyətlə çempionatda ikinci oyuna çıxdı. "Neftçi" və bizimlə matç. Onların gücü bəllidi. "Qarabağ"ın eyni gücdə heyəti var. Ehtiyatda olanlar digər komandalarda çempionluğa oynayar. Son illərin ən güclü heyətidi. Digər komandalar da var ki, iddialıdı. Çalışacaqlar ki, mübarizə aparsınlar.
- Kubokdakı yolunuzu necə dəyərləndirirsiniz?
- Normal yerdəyik. Digər komandalar kimi biz də maksimum çalışacağıq. Şamaxıda oynayacağıq. Onlar evdə çox yaxşı oynayır. Yolumuza davam etməyə səy göstərəcəyik.
- Hamı deyir ki, "Qarabağ" güclüdü. Digər 9 məşqçi nə zaman iddialı olacaq?
- Razı deyiləm sizinlə. Bu, böyük mövzudu. Qısa deyərdim ki, reallıq var. Sizdən tələb etsəm ki, hansısa büdcəli, böyük dünya mediası ilə mübarizə aparın, 100 səbəb gətirərsiz. Mən də gətrirə bilərəm. "Qarabağ" deyəndə, demirik ki, qorxmuruq. Çıxım deyim ki, onları udmağa gəlmişəm. Bu da reallıq deyil axı. Futbolçuları motivasiya edirik, rəqibi təhlil edirik, uduzmaq istəmirik. Heç kim komandasına demir ki, "Qarabağ" güclüdü, uduzacağıq. "Qarabağ"la mübarizə aparmaq çox çətindi.
- Ehtiram iki dəfə zədələnib qısa müddətdə...
- Digər komandalarda da baş verir. Çempionatın ikinci dövrəsidi. Süni meydança amili də var. Bizim çempionatda mübarizə var, çətin liqadı.
- Runinin çıxışı sizi qane edir? Fikrinizdə tutduğunuz hücumçudur?
- Runi 5 qol vurub. Özü də "Turan Tovuz"da. Digər komandalarda hücumçu göstərərəm ki, Runinin aldığının üç qatını alır və bir qolu da yoxdur.(sportal.az)