Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ” qrup hədəfinə doğru əmin addımlarla irəliləyir. Artıq bu yolda iki mərhələ keçən Ağdam təmsilçisi güclü rəqibləri mübarizədən kənarlaşdırmağı bacarıb. “Qarabağ”ın sözügedən turnirdə məğlub etdiyi klublar nəyinki meydandakı gücü, həm də maliyyə cəhətdən üstün olmağı ilə seçilir.
Offsideplus.az xəbər verir ki, ilk təsnifat mərhələsində rəqibimiz olan “Lex” (Poznan, Polşa) Avropada ölkəsinin öndə gedən təmsilçilərindəndir. Məşhur “Transfermarket” saytına görə, Polşa klubunun ümumi dəyəri 32 milyon avrodan yuxarıdır. Poznan təmsilçisi ölkəsində də bu göstəricidə ön pillələrdə qərarlaşıb.
Qurban Qurbanovun komandasının 2-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Sürix” (İsveçrə) klubunun dəyəri isə daha yüksəkdir. İsveçrə təmsilçisinin dəyəri 42 milyon avrodan çoxdur.
"Köhlən atlar"ın 3-cü mərhələdə rəqibi olan “Ferentsvaroş” klubunun dəyəri isə “Sürix”lə demək olar ki, eynidir. Macarıstan təmsilçisində bu göstərici 42 milyon 450 min avrodur.
Azərbaycan təmsilçisinin ümümi dəyəri isə son iki rəqibindən 3 dəfə azdır. “Transfermarket”in hesablamasına görə “Qarabağ”ın klubunun dəyəri 14 milyon 100 min avrodur.
Bütün bunlara baxmayaraq “Qarabağ” “Lex” və “Sürix”i keçə bildi. Ağdam klubu yenidən tarix yazmağa davam edir. Növbədə isə daha bir çətin rəqib “Ferentsvaroş” ilə matç var.
Ümid edək ki, Qurban Qurbanovun komandası ilk iki rəqiblə göstərdiyi əzmkar mübarizəni Macarıstan təmsilçisinə qarşı göstərəcək və yoluna davam edəcək.