İngiltərə əsilli sierra-leoneli futbolçu Ali Sesay bir neçə gün öncə "Zirə"dən "Səbail"ə transfer olundu.

27 yaşlı müdafiəçi Offsideplus.az-a eksklüziv müsahibə verib ki, söhbət əsnasında "Zirə"dən ayrılmasının səbəbini söyləyib.

Müsahibəni təqdim edirik:

- "Səbail"ə keçidinlə bağlı nə deyə bilərsən?

- Mənim üçün yeni bir başlanğıcdır. Ümid edirəm ki, komandaya ən yaxşı şəkildə xidmət edə və bacardığım qədər kömək edə biləcəm. Buna görə də özümü yaxşı hiss edirəm.

- "Zirə"dən ayrılandan sonra başqa təkliflər aldığın deyilirdi. Niyə məhz “Səbail”?

- Çempionatın ilk yarısında daha çox oynamaq istəyirdim. Lakin sabiq komandamda bu şansım olmadı. Halbuki milli üzvü kimi daim meydanda olmalıyam. Daim oynayacağım komandaya üz tutmalıydım. Belədə “Səbail” variantı yerinə düşdü. Baza və infrastruktur xoşuma gəldi, ən vacib məqam isə "Zirə"yə gəldiyim ilk günlərdə komandada köməkçi-məşqçi işləyən mütəxəssisin indi “Səbail”də çalışmasıdır (Vüqar Məmmədi nəzərdə tutur – red.). Bu komandamı seçməyimdə o insanın böyük rolu oldu.

- “Səbail”lə mövsümün sonuna qədər anlaşmısan. Qısa müddət üçün hədəfin nədir?

- İlk növbədə öz oyunumla komandaya fayda vermək. Bunu bacaracağım halda, digər komanda yoldaşlarımın da köməyi sayəsində xallarımızın sayını artırıb turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıra bilərik.

Alie Sesay Sabail

- Rəşad Sadıqov açıqlamasında özünü göstərməyin üçün kifayət qədər vaxtın olmasına baxmayaraq, həmin zamanda maksimum yararlanmadığını demişdi. Nə baş verdi?

- Bu suala nə cavab verəcəyimi bilmirəm. Lakin ümumi durumu izah etməyə çalışacam. Rəşad Sadıqov komandaya yeni gələndə mənə güvənirdi. Yaydakı yoldaşlıq görüşlərində, hətta mövsümün ilk oyununda əsas heyətdə yer almışdım. Sonra nədənsə 1-2 oyunda ehtiyatda qaldım və millilərin oyunları ilə bağlı yaranacaq fasiləyə az qalmış “Keşlə” və “Neftçi” ilə matçlarda şans qazandım. Yığmanın düşərgəsindən qayıdanda koronavirusa yoluxdum və bu səbəbdən komandamızın “Sumqayıt”a uduzduğu oyunda forma geyinə bilmədim. 2 oyunda şans qazanmayandan sonra baş məşqçinin məndən razı qalmadığını düşünməyə başladım. Mən sağalıb qayıdanda isə "Zirə" çempionatda uğurlu nəticələr qazanmaqda davam edirdi. Belədə əsas heyətdə kiminsə əvəzinə yer almağım çətin görünürdü. Yekunda ayrılmağı qərara aldım.

- İngiltərə, İsveç, Yunanıstan və Bolqarıstanda oynamış futbolçu kimi Azərbaycanla bağlı düşüncələrin necədir?

- Azərbaycanlıları sevirəm: qonaqpərvər, dürüst və hədsiz vətənpərvərdirlər. Digər ölkələrlə müqayisədə ən böyük fərq budur. İşin futbol tərəfinə gəlincə, çempionat xoşuma gəlir. Xüsusən də cari mövsümdəki rəqabət. Bir il əvvəl əsas rəqabət “Qarabağ”la “Neftçi” arasında gedirdisə, indi digərləri də mübarizəyə qoşulub. Maraqlı çempionatdır.

- Bura gəlməmişdən əvvəl Azərbaycan və Bakı ilə bağlı düşüncələrin necəydi? Bu cür olacağını gözləyirdin?

- Səmimi deyəcəm, ilk dəfə Azərbaycanın adını eşidəndə heç nə anlamamışdım. Çünki bu ölkə haqda heç bir məlumatım yox idi. Lakin Bakıya ayaq basandan sonra bütün gümanlarım alt-üst oldu. Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. İndiyə qədər olduğum ən müasir şəhərlərdən biridir.

- Bakıda boş vaxtlarını necə keçirirsən? Hər hansı bir əyləncə növü tapmısan özünə?

- Düzünə qalsa, mən “ev oğlanıyam”. Evdə oturmağı daha çox xoşlayıram. Həm xaraktercə beləyəm, həm də COVİD-19 təhlükəsinə görə özümü qorumağa çalışıram. Qiraət etməyi sevirəm, bəzən də sevdiyim xanımla və ailəmlə telefonda danışıram.

- Hansı növ kitabları oxuyursan?

- Əsasən müxtəlif sahələrə sərmayə yatıran insanlarla bağlı qiraət edirəm. Ümumi götürsək, insanın düşüncə tərzini inkişaf etdirən kitablara üstünlük verirəm.

- Azərbaycan mətbəxi ilə “dil tapa” bilmisən? Ən çox xoşladığın yemək hansıdır?

- Yeməklə bağlı problemim yoxdur, yeməyi sevirəm (gülür). Amma yerli təamların adlarını xatırlamıram. Elə bir yemək yadıma gəlmir ki. onu yeyim, amma xoşuma gəlməsin.

- “Səbail” yüksək hədəfləri olan gənc klubdur. Yəqin ki. gələcəkdə komandanın parçası olmağı arzulayırsan.

- Niyə də yox?! Baş məşqçi ilə söhbətdə klub və komandanın hədəfləri ilə tanış oldum. Açığı, özümə də çox maraqlı gəldi. Ona görə də verəcəyim fayda adımdan söz etdirmək istəyirəm.

CONPAUL NNAMDİ