"Heç bir futbolçu öz narazılığını baş məşqçiyə deməyib".
Offsideplus.az xəbər verir ki, bu sözləri milli komandamızın futbolçusu Maksim Medvedev Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Lüksemburq yığması ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
30 yaşlı müdafiəçi məşq prosesində baş məşqçi Canni de Byazi ilə aralarında narazılığın yaranması barədə mətbuatda yayılan xəbərləri təkzib edib.
O, italiyalı mütəxəssisin intensiv məşq prosesinin heç bir futbolçuda narazılıq yaratmadığını bildirib:
"Bu, peşəkar futbolçuya yaraşmayan hərəkətdir ki, gəlib baş məşqçiyə desin ki, məşqlər ağırdır. Komandanın problemləri var və bunları aradan qaldırmaq üçün çox çalışmalıyıq. Uşaqlar arasında narazılıq yoxdur. Futbolçularla da danışırıq, bizə də maraqlıdır ki, belə xəbərlər hardan çıxıb".