“Qəbələ” hazırkı UEFA reytinqində 148-ci yerdə qərarlaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Son 5 avrokubok mövsümünün nəticələrinə əsasən tərtib olunan siyahıda “qırmızı-qaralar” 7,500 xala malikdir. Komanda 2015/16 və 2016/17 mövsümlərinin hərəsində 2,000, 2017/18 və 2018/19 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran “Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da əmsalını 7,500-ə çatdıran komandamız 148-ci sırada yer alıb.

Bu, klub tarixinin rekord göstəricisidir. “Qəbələ” cari mövsümədək heç vaxt belə yüksək mövqedə qərarlaşmayıb.

Avrokuboklarda debüt etdiyi 2014/15 mövsümündə siyahıya daxil edilən “qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan “Qəbələ” hər dəfə xal hesabını da artırıb.

2017-ci ilin yayından etibarən klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan “Qəbələ” ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb.

 
“Qəbələ” UEFA reytinqində

2014/15 – 2,750 (358-ci yer)

2015/16 – 5,225 (253-cü yer)

2016/17 - 7,800 (185-ci yer)

2017/18 - 5,250 (191-ci yer)

2018/19 - 6,250 (173-cü yer)

2019/20 – 7,500 (148-ci yer)