AFFA-nın Futbolun İnkişafı Departamentinin futbol akademiyalarında keçirdiyi maarifləndirici təlim proqramı çərçivəsində Avropa Futbol Akademiyası (EFA), "Araz-Naxçıvan", "Neftçi" və "Şamaxı" futbol akademiyalarında görüşlər təşkil olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Təlimlərdə AFFA-nın akademiyalara nəzarət və keyfiyyət standartları üzrə supervayzeri Sakit Rzayev, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov və "Eyeball" platformasının layihə meneceri Ziya Əskərov iştirak ediblər.

Görüşlər zamanı 5 ulduz sertifikatlaşdırma modeli, oyun modeli, oyunçunun inkişaf yolu, yaş qrupları üzrə inkişaf və keçid, məşq prosesinin planlaşdırılması, oyunçuların fərdi xüsusiyyətlərinin müəyyənləşdirilməsi və fiziki performansın qiymətləndirilməsi mövzularında fikir və məlumat mübadiləsi aparılıb.

Həmçinin "Eyeball" platformasının futbolçuların inkişafının planlaşdırılması, monitorinqi və rəqəmsal şəkildə izlənilməsi istiqamətində yaratdığı imkanlar barədə məlumat verilib.

Maarifləndirici təlim proqramı ölkənin digər futbol akademiyaları və futbol məktəblərində də davam etdiriləcək.