AFFA-nın yeni Texniki Direktoru Edmond Klaus qurumun mətbuat xidmətinə müsahibə verib.
Offsideplus.az həmin müsahibədən önə çıxanları sizə təqdim edir:
– Karyeranız barədə məlumat verərdiniz...
– 56 yaşım var və 35 ildən çoxdur futbol sahəsində fəaliyyət göstərirəm. “Ayaks”, “Ayaks Keyp Taun” və “Harlem” kimi klublarda müxtəlif vəzifələrdə çalışmışam. Çin və Niderlandın milli komandalarında köməkçi məşqçi, həmçinin ABŞ-də “Double Pass” şirkətində məsləhətçi kimi MLS akademiyaları ilə əməkdaşlıq etmişəm. Təhsilimi Amsterdam İdman Universitetində almışam. 23 il “Ayaks”da futbolçu və əməkdaş kimi fəaliyyət göstərməyim peşəkar inkişafımın əsasını təşkil edib. Qazandığım təcrübəni Azərbaycan futbolu ilə bölüşməkdən məmnunam.
– AFFA tərəfindən qarşınıza qoyulan məqsəd və vəzifələr hansılardır?
– Bu vəzifəyə təyin olunmağımı böyük şərəf hesab edirəm və rəhbərliyə təşəkkür edirəm. Qarşıdakı 3 il ərzində əsas məqsədimiz Azərbaycan futbolunun dayanıqlı inkişafını təmin etmək və gənclərdən ibarət millilərin nəticələrini yaxşılaşdırmaqdır. Prioritetlərimiz oğlanlardan ibarət gənclər milli komandalarının UEFA-nın A Liqasına yüksəlməsi, fərdi inkişaf proqramlarının hazırlanması, vahid oyun fəlsəfəsinin formalaşdırılması və akademiyaların inkişafıdır.
– Futbolun bir ölkədə inkişafı üçün nədən başlamaq lazımdır?
– Hər şey aydın dəyərlərin, missiyanın və futbol fəlsəfəsinin müəyyən edilməsindən başlayır. Bu fəlsəfə yalnız taktika deyil, həm də futbolçuların necə məşq etdirilməsi və inkişaf mühitinin yaradılmasıdır. Futbolun inkişafı yalnız AFFA-nın yox, bütün ölkənin ümumi məsuliyyətidir. Bu səbəbdən klublar və akademiyalarla sıx əməkdaşlıq edəcəyik.
– Məqsədlərinizə nail olmaq üçün hansı iş metodundan istifadə edəcəksiniz?
– Öz effektivliyini sübut etmiş, 8 əsas uğur amili üzərində qurulan FAD metodologiyasından istifadə edəcəyəm. İlk addım mövcud vəziyyəti təhlil etmək, departamentlərin işini daha da peşəkarlaşdırmaq və akademiyaları ziyarət etməkdir. Eyni zamanda kütləvi və məktəb futbolunu inkişaf etdirərək heç bir istedadlı futbolçunun diqqətdən kənarda qalmamasını təmin etməliyik.
– İlk həftələrdə əsas prioritetiniz nə olacaq?
– Əsas prioritetimiz gənclərdən ibarət milli komandalar üçün baş məşqçilərin və texniki heyətin düzgün seçilməsidir. Bu məqsədlə artıq vakansiyalar elan olunub. İnanıram ki, birlikdə Azərbaycan futbolunu daha parlaq gələcəyə daşıya biləcəyik.


