"Barselona" və İspaniya millisinin unudulmaz ulduzu Andres İnyesta rəsmən baş məşqçilik karyerasına başlayır.
Offsideplus.az xəbər verir ki, 2024-cü ildə futbolçu karyerasını bitirən əfsanəvi yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Qalf Yunayted" klubunun baş məşqçisi təyin edilib.
Bu, 42 yaşlı İnyestanın peşəkar məşqçilik fəaliyyətində ilk rəsmi baş məşqçi təcrübəsi olacaq.
BƏƏ-nin Birinci Divizionunda (ikinci dərəcəli liqa) mübarizə aparan "Qalf Yunayted" çempionatın ən gənc heyətlərindən birinə sahib olması ilə tanınır. İnyesta bu layihəyə qoşulmaqdan böyük həyəcan duyduğunu gizlətməyib:
"Futbol mənə hər şeyi verib, indi isə öyrənmək, öyrətmək və istedadlı gənclərlə hər gün çalışmaqla futbola nəsə qaytarmaq istəyirəm. Gənc oyunçuları səbirlə və düzgün futbol fəlsəfəsi ilə yetişdirməyə inanıram. 'Qalf Yunayted' ilə fəlsəfəmiz tamamilə üst-üstə düşür".
UEFA-nın "A" məşqçilik lisenziyasına sahib olan İnyesta hazırda Dubayda yaşayır. O, bu klubda real təcrübə qazanaraq məşqçilik sahəsindəki ən yüksək dərəcə olan "UEFA Pro" lisenziyasını tamamlamağı hədəfləyir.
Oyunçu kimi qazanmadığı uğur qalmayan (Dünya Çempionluğu, Avropa Çempionluğu, 4 Çempionlar Liqası kuboku) İnyestanın yaşıl meydanların kənarında — texniki zonada necə bir iz qoyacağı futbol dünyası tərəfindən böyük maraqla gözlənilir.


