"Qarabağ"dan ayrılan Toral Bayramov Türkiyə 1-ci liqasına yüksələn "Bursaspor"a transfer olub. Toralın bu keçidi ictimaiyyətdə birmənalı qarşılanmayıb. "Xəzər Lənkəran"ın yetirməsi olan 25 yaşlı futbolçu yeni klubunun ən çox maaş alan futbolçularından biri olacaq. 

Görəsən, o, nə dərəcədə doğru qərar verdi? Ona ünvanlanan iradlar nə qədər haqlıdır? Bu barədə "Neftçi"nin və Azərbaycan yığmasının sabiq baş məşqçisi Arif Əsədov Offsideplus.az-a fikirlərini bildirib:

“Öncə Torala uğurlar arzu edirəm. Məncə, onun potensialı daha yüksək liqada oynamağa imkan verir. Həmçinin "Qarabag"ın avrokuboklardakı çıxışını nəzərə alsaq, bu uğurlar heyətdəki bütün futbolçuların dəyərini birəbeş artırıb. Ağdam təmsilçisi ilə "Bursaspor"u yan-yana qoysaq, "Qarabag" daha üstün görünür. Toralın da bu statusdan istifadə edib daha yüksək liqada oynamaq imkanı olduğunu düşünürəm. Seçim özünündür, buna hörmətlə yanaşmaq lazımdır.

Vacibdir ki, o, bu transferə tramplin kimi baxsın, orada ilişib qalmasın. "Bursaspor"un qarşısına Super Liqa hədəfi qoyması yaxşıdır. Hər şey özündən asılıdır, bununla kifayətlənməməlidir. Türkiyə çempionatı çox spesifikdir – bataqlıq kimi də görünə bilər. Ora, xüsusilə də aşağı liqalara gedənlər bəzən problemlərlə üzləşirlər. Şahruddin Məhəmmədəliyev və digər futbolçuların gedişindən sonra da görmüşük ki, klublar maliyyə sıxıntıları yaşayır, müqavilə şərtlərini yerinə yetirmirlər. Toralın da bu cür hadisələrlə qarşılaşmasını istəməzdik. Təki mütəmadi oynasın və daha yaxşı klublara keçsin”.

Qeyd edək ki, T. Bayramov Türkiyə klubu ilə 3 illik müqavilə imzalayıb.