Futbolda ofsayd qaydası dəyişir.
Offsideplus.az xəbər verir ki, futbol dünyasının ən çox müzakirə edilən mövzularından biri olan "yeni ofsayd qaydası" üçün tarix bəlli olub.
FIFA-nın Qlobal Futbol İnkişafı şöbəsinin rəhbəri Arsen Venger tərəfindən təklif edilən bu inqilabi dəyişiklik 4 aprel tarixindən etibarən rəsmən start götürür.
Yeni qaydanın effektivliyini yoxlamaq üçün FIFA tərəfindən pilot bölgə kimi "Kanada Premyer Liqası" seçilib. Əgər sınaqlar uğurlu olarsa, bu sistemin yaxın gələcəkdə Avropanın böyük liqalarında və dünya çempionatlarında tətbiqi gözlənilir.
Yeni qayda nədən ibarətdir?
İndiyə qədərki qaydalarda oyunçunun bədəninin hər hansı bir hissəsi rəqib müdafiəçidən öndə olarsa, ofsayd qeydə alınırdı. Venger Qaydasında isə vəziyyət tamamilə dəyişir:
- Hücumçuya üstünlük: Ofsayd sayılması üçün hücum edən oyunçunun bütün bədəni rəqib müdafiəçini (sondan ikinci oyunçunu) tamamilə keçməlidir.
- Təmas varsa, ofsayd yoxdur: Əgər hücumçunun bədəninin hər hansı bir hissəsi (hətta dabanı belə) müdafiəçi ilə eyni xətdədirsə, bu, ofsayd hesab olunmayacaq və oyun davam edəcək.
FIFA-nın rəsmi bəyanatı
Qurumdan verilən açıqlamada bu dəyişikliyin məqsədi belə izah edilib:
"Bu yeni qayda hücumçulara cüzi üstünlük verməli və oyunun daha axıcı olmasına kömək etməlidir. Məqsədimiz 'milimetrik' ofsayd qərarları ilə oyunun ruhunu öldürməmək və qolların sayını artırmaqdır."
Futbola təsiri necə olacaq?
Mütəxəssislər hesab edir ki, bu qayda tətbiq olunarsa:
- Müdafiə xətləri daha geridə qurulacaq.
- Hesablarda qol sayının ciddi şəkildə artması müşahidə olunacaq.
- VAR müdaxilələri azala bilər, çünki "hücumçu öndədirmi" sualı yerini "hücumçu tamamilə keçibmi" su alına verəcək.



