Meksika paytaxtındakı məşhur “Azteka” stadionunda (hazırda “Estadio Banorte” adlandırılır) Meksika ilə Portuqaliya arasında keçirilən yoldaşlıq matçı ərəfəsində kədərli hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, bir azarkeş spirtli içki təsiri altında olarkən ikinci səviyyədən birinci səviyyəyə keçmək üçün baryeri aşmağa cəhd edərkən yıxılıb. O, boyun nahiyəsinə ağır zərbə alaraq yerə düşüb və təəssüf ki, həyatını itirib.

Hadisə matç başlamazdan qısa müddət əvvəl, VIP zonada baş verib. Meksika şəhər təhlükəsizlik idarəsi hadisəni təsdiqləyib və polis ərazini mühafizəyə götürüb.

Bu matç “Azteka” stadionunun 2026-cı il Dünya Çempionatı ərəfəsində aparılan böyük yenidənqurma işlərindən sonra açılış oyunu idi. Təəssüf ki, bayram əhval-ruhiyyəsi faciə ilə kölgələnib.

Hər iki komandanın azarkeşləri və futbol ictimaiyyəti bu kədərli hadisəyə görə dərin hüzn içindədir. Hadisə ilə bağlı istintaq davam edir.