“Mercedes”in rəhbəri Toto Volff 2016-cı ildə Niko Rosberq və Luis Hemilton arasındakı gərgin rəqabəti xatırlayaraq, həmin dövrdə hər iki pilotu komandadan qovmaq qərarına gəldiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, həmin vaxt baş verən qəzaların komandanın maraqlarına zərər vurduğunu bildirən Volff bunları deyib:
“Rosberq və Hemilton ard-arda toqquşduqdan sonra onları qovmaq qərarına gəldim. “Mercedes”in rəhbəri Diter Çetşeyə zəng edib bildirdim ki, hər iki pilotu komandadan uzaqlaşdırıram. Çünki onlar brendin maraqlarını öz ambisiyalarından üstün tutmağın vacibliyini anlamalı idilər.
Şəxsi rəqabət düşmənçiliyə çevrilmişdi və mən buna icazə verə bilməzdim. Onlara e-mail göndərərək artıq komandanın üzvü olmadıqlarını bildirdik. Bizim üçün ən böyük problem kimin günahkar olduğunu müəyyən etmək idi. Mən isə onlara dedim ki, əgər bu bir də təkrar olunsa, kimsə komandadan birdəfəlik gedəcək.
Bazada çalışan, kredit ödəyən 2500 nəfər işçinin həyatı bu iki pilotun bir-birinə olan nifrətindən asılı olmamalıdır. Pilotlar özlərini kim hesab edirlər? Onlar bunu dərk etməlidirlər”.


